Milli Məclisin deputatı Fatma Yıldırım Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında yerləşən ofisdə növbəti vətəndaş qəbulunu keçirib.
Modern.az-ın məlumatına görə, deputat görüş zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib.
Bunlar əsasən əlilliyin müəyyən olunmasında vətəndaşların üzləşdikləri çətinliklər, məşğulluq, şəhid ailələrin istəkləri, veteran və qazilərin şikayətləri, eyni zamanda örüş torpaq sahələrinin təyinatı üzrə istifadə olunmaması, su-kanalizasiya və mənzil-məişət problemlərini əhatə edib. Xüsusilə, əlilliyin təyin olunması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bərdə rayon üzrə nümayəndəsi və Bərdə rayon Mərkəzi Xəstəxanasının məsul həkimi də qəbula dəvət olunub. Həmçinin, məsələlərin daha çevik, səmərəli həllinə nail olmaq üçün Bərdə rayon İH Başçısının birinci müavini V. Qarayev qəbulda iştirak edib.
Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alınıb. Vətəndaşların problemlərinin həlli üçün deputat tərəfindən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq.
Qeyd: Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyənlər YAP Bərdə rayon binasındakı ofisə müraciət edə və ya 0554208040, 0518416424, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.