Artıq Azad müəllim haqq dünyasına qovuşub. Təəssüf, çox təəssüf ki, xərçəng adlanan mənfur bəla bu azad fikirli insanı da həyatdan vaxtsız apardı. Mətbuatın dostu, heç vaxt sualdan qaçmayan, müsahibədən yayınmayan Azad Rəhimov gənclərin dostu idi. Təkcə nazir olduğuna görə yox, ümumən bu insan gəncliyi çox sevirdi. Gənclər də onu.
Gənclər və idman naziri Azad Rəhimovun vəfatına mən də kədərləndim. Həm bir insan kimi, həm də bir mətbuat əhli kimi. Azad müəllimin vəfatından bir neçə saat əvvəl nazirliyin mətbuat katibi Səmayə Məmmədova ilə danışmışdım, nazirə şəfa arzulamışdım. Səmayə xanımla illər öncə Xaçmazda Azad Rəhimovdan eksklüziv müsahibə almağımı xatırlamışdım. Həmin hadisəni indi də xatırlamaq istəyirəm. İllər əvvəl, konkret tarixi xatırlamıram. Xatırladığım odur ki, Xaçmaz şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi idi. Mənə işlədiyim ANS-dən nazir Azad Rəhimova bir neçə sual vermək tapşırılmışdı. Mən bunu Səmayə xanıma dedim, dedi, verəcək, narahat olma. Azad Rəhimov həmkarlarıma müsahibə verəndə mən çox narahat idim. Mikrofonu gah o tərəfdən, gah bu tərəfdən qoyurdum. Təbii ki, nazir bunu görürdü. Qısası, mən ümumi müsahibədə də mikrofonu nazirə uzatmışdım, ayrıca suallarımı verəndə də. Azad müəllim bunu təbəssümlə qarşılayaraq geniş müsahibə vermişdi onda. Səmayə xanımla ötən gün bu müsahibə anlarını xoş xatirə kimi xatırladıq.
Azərbaycan gənclərinə, dostlarına və ailəsinə, bütün idman ictimaiyyətinə Azad müəllimin vəfatı ilə bağlı başsağlığı verirəm. Belə insanlar cismən həyatdan gedir, qəlbənsə ürəklərdə yaşayır.
Allah rəhmət eləsin!
Aytəkin ALXASLI