Siyəzəndə qayın yeznəsini öldürüb.
Modern.az-ın əldə etdiyi məlumata görə hadisə mayın 2-si səhər saat 10.30 radələrində Siyəzənin Zarat kəndində baş verib. Belə ki, kənd sakini, 22 yaşlı Qabil Valeh oğlu Əliyev şəxsi mübahisə zəminində bacısının həyat yoldaşı, 37 yaşlı Hüseyn Zülfüqar oğlu Hüseynovu bıçaqlayıb. Bədənininin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirilən Hüseyn Hüseynov Siyəzən Regional Müalicə-Dioqnostika mərkəzində ölüb.
Yeznə ilə qayının mübahisəsinə səbəb Qabil Əliyevin bacısının ərindən küsüb ata evinə gəlməsinin səbəb olduğu deyilir. Növbəti dəfə atasıgildən arvadını aparmağa gələn Hüseyn Hüseynov həyat yoldaşının mobil telefonunu sındırıb. Qadın ərilə getməkdən imtina edib. Mübahisə zamanı gecə növbəsindən işdən qayıdan, Giləzidəki istilik stansiyasında mühafizəçi işləyən 22 yaşlı Qabil Əliyev evə gəlib və baş verənlərdən əsəblərini saxlaya bilməyərək yeznəsini bıçaqlayıb. Və nəticə məlumdur. Qabil Əliyevin bacısı 4 ay idi ki, Siyəzən şəhərindəki ər evindən atasıgilə qayıtmışdı. Ailənin iki uşağı atasız qaldı.
Hadisədən sonra Siyəzən polisi və prokurorluğunun əməkdaşları dərhal Zarat kəndinə gəliblər. Bacısının yoldaşını həyatdan məhrum edən 22 yaşlı gənc evindəcə tutularaq Siyəzən rayon prokurorluğuna təhvil verilib. Onun qətldə istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Siyəzən rayon prokurorluğunda CM-nin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb, Qabil Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Daha bir ailə problemi 22 yaşlı gənci özü də istəmədən qatil etdi. Ər-arvad münaqişələrinə son qoyulmur ki, qoyulmur.
*****
Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Modern.az Siyəzən Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Aytəkin ALXASLI