Modern.az

Məgər Azərbaycan jurnalisti Kremli “Kərəmli”, Kamçatkanı “Gəmiçatdı” adlandıra bilməzmi?

Məgər Azərbaycan jurnalisti Kremli “Kərəmli”, Kamçatkanı “Gəmiçatdı” adlandıra bilməzmi?

Aktual

8 Avqust 2021, 22:08

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

Rusiya mediası, o cümlədən Müdafiə Nazirliyinin Azərbaycanda müvəqqəti yerləşdirilmiş üstü bəzək, altı “sülhməramlı”larla bağlı rəsmi məlumatlarında Qarabağdakı inzibati yer adlarının – şəhər, rayon, kənd, dağ, təpə, çay, bulaq, qala, hətta çöpünün belə ermənisayaq təhrif edilməsi, həm beynəlxalq jurnalistikanın norma və prinsiplərinə, həm də beynəlxalq hüquqa ziddir.

 

Bu mövzunu moderator.az saytının əməkdaşı Sultan Laçın haqlı olaraq dəfələrlə qaldırsa da, ancaq görünür düz adam düzdə qaldığı kimi, doğru söz də, dildən uçub havada qalır, ona yuva olacaq qulaqlara yol tapa bilmir...

 

Əvvəlcə ondan başlayaq ki, Azərbaycan Respublikası jurnalistinin peşə etikası kodeksinə görə, jurnalistin bütün peşə fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına tam uyğun gəlir və o, dərc olunmuş, efirə verilmiş materialı üçün oxucu, tamaşaçı, dinləyici, ümumiyyətlə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır. Məgər, Rusiya jurnalistinin peşə etikası kodeksində belə bir müddəa yoxdurmu, əlbəttə ki, var. Sadəcə görünür bunu bilməyənlərə öyrətmək, unudanlara isə xatırlatmaq lazımdır.

 

Diqqət edin, Rusiya jurnalistinin peşəkar etik kodeksinə görə, “Jurnalist yalnız o məlumatları yayır və şərh edir ki, onun mənbəyinə inanır, o cümlədən ona yaxşı məlum olur. Yarımçıq və ya qeyri-dəqiqliyi ilə kiməsə zərər verməmək, ictimai əhəmiyyətli məlumatları qəsdən gizlətmək və ya bilərəkdən yalan məlumat yaymaqdan çəkinmək üçün hər cür səy göstərir”. Əlbəttə, bu prinsipi Rusiya mediası, xüsusən də televiziya kanallarında çalışan Solovyovlara, Skabayevalara, Babayanlara aid etmək olmaz. Onlar neojurnalizmin “yaradıcılarıdır”.

 

Bu üzdən Azərbaycan media məkanında özlərini “media kapitanı”, “media  əjdahası” adlandıranlar, Mətbuat Şurası, həmçinin Milli Televiziya və Radio Şurası dərhal hərəkətə keçməlidirlər. Hər kəs bilsin ki, burada ilk addım Rusiya və Azərbaycan jurnalistləri arasında media platformasının yaradılması olmalıdır. Qarşılıqlı görüşlər təşkil olunmalı və qarşı tərəfə jurnalist etikasının prinsipləri başa salınmalıdır. Qanmayanlara isə bir az hətta sərt şəkildə qandırılmalıdır. Xankəndiyə qanunsuz yolla gəlib onu “Stepanakert” adlandıran, həmçinin televiziya verilişlərində Azərbaycana məxsus toponimləri erməni dilində səsləndirən rusiyalı jurnalistlər hüquqi baxımdan bu ərazinin kimə məxsus olduğunu bilmirlərmi? Məgər, hansısa Azərbaycan jurnalisti öz verilişində və ya yazılarında Kremli “Kərəmli”, Kamçatkanı “Gəmiçatdı” kimi adlandıra bilməzmi? Əlbəttə ki, bilərlər, sadəcə Azərbaycan jurnalistləri imperialist siyasəti təbliğ edənlərdən deyillər.  

 

Bu arada, Rusiya və Azərbaycan jurnalistləri arasında media platforması yaradılmasının zəruriliyi barədə Moskvada yaşayan tanınmış jurnalist Anar Həsənov bir neçə ay öncə müsahibələrinin birində söz açmışdı. Hətta o, bu müsahibəsində Azərbaycandan başqa bir çox xarici ölkə jurnalistləri ilə Rusiya jurnalistləri arasında media platformasının fəaliyyət göstərdiyini bildirmişdi. Bu yerdə məşhur filmlərimizdən birində verilən sual yada düşür: “Qəribədir, doğurdan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur?” 

 

Əlbəttə, ermənilərin Azərbaycana məxsus yer adlarını öz bildikləri kimi - Xankəndini “Stepanakert”, Xocavəndi “Martuni”, Ağdərəni “Mardakert”  adlandırmaları onların beynəlxalq hüquqa xəstə gözlə baxmalarının nəticəsi olduğunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Ancaq erməni xəstəliyinə yoluxmuş və ya yoluxmaqda olan rus jurnalistlərini yaradılacaq bu media platformasının iynəsi ilə “vaksin” etmək olar axı. Burada bir detalı – MDB ölkə jurnalistlərinin Qarabağla bağlı, əsasən rus mediasına istinad etmələrini nəzərə alsaq, onda bir “platformadan” istifadə etməklə, onlarla “qatarı” eyni vaxtda yola sala bilərik. 

 

Azərbaycanlı jurnalistlər rusiyalı həmkarlarına sözün əsl mənasında dərs keçməlidirlər. Onlar öyrədilməlidirlər ki, həqiqətə hörmət və cəmiyyətin həqiqəti bilmək haqqı jurnalistin əsas vəzifəsidir. Əks təqdirdə nə olursa olsun, faktların qəsdən təhrif edilməsi dünyanın istənilən ölkəsində çalışan jurnalistlər üçün ciddi peşə pozuntusu hesab olunur. Çünki, jurnalistikaya dair beynəlxalq sənədlərdə göstərilir ki, hadisənin işıqlandırılması zamanı qeyri-dəqiqliyə və diqqətsizliyə yol vermək bağışlanılmazdır. Rusiyalı jurnalistlər bilməlidir ki, vicdanlı jurnalist, təmsil etdiyi medianın istiqamətindən və adından asılı olmayaraq, ictimai maraqlara vicdanla xidmət edənə deyilir.

Ancaq bu problem yalnız iki ölkə arasında yaradıla biləcək media platformasının köməyi ilə tam həll oluna bilməz. Çünki jurnalist müraciət etdiyi mənbəyə əsasən xəbəri yayır. Bu baxımdan məsələni müsbət sonluqla bitirmək üçün, həm Azərbaycan XİN-ni, həm də Müdafiə Nazirliyi Rusiyanın eyni adlı qurumlarından beynəlxalq hüquqa hörmət edilərək Azərbaycanın rəsmi siyasi-inzibati xəritəsinə uyğun şəkildə onun suveren ərazisinə aid yer adlarının öz adı ilə səsləndirmələrini mütləq tələb etməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı