Modern.az

Deputatdan Mehdiyevə: “Heç kim xalqla mübarizədən qalib ayrılmayıb”

Deputatdan Mehdiyevə: “Heç kim xalqla mübarizədən qalib ayrılmayıb”

Aktual

11 Fevral 2022, 14:44

“Ramiz Mehdiyevin məlum bəyanatını oxuyanda insana elə gəlir ki, sanki Azərbaycan cəmiyyətində heç bir sağlam qüvvə mövcud deyil. Millət vəkillərindən tutmuş siyasətçilərə qədər hər kəsi hədəf alan, onları sadəcə maddi maraqların əsiri olan, peşə sədaqətindən, ali insani dəyərlərdən, o cümlədən vətən və dövlət sevgisindən məhrum insanlar kimi təqdim edən bu bəyanat sadəcə yalan və böhtanlarla deyil, həm də hədə ritorikası ilə zəngindir. Dünya şöhrətli mütəfəkkirlərin sitatları ilə dolub-daşmasına baxmayaraq, kin və nifrət hissi ilə yazılan, bütövlükdə Azərbaycan cəmiyyəti, onun intellektual kəsimi haqqında ikrahedici mənzərə formalaşdıran bu bəyanatda yer alan fikirlərin həqiqətdən nə qədər uzaq olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir”.

 

Bunu Modern.az-a deputat Vahid Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefa çağırışlarına verdiyi cavab haqda danışarkən deyib. Deputat bildirib ki, Mehdiyevin bəyanatı nə üslub, nə məntiq, nə də əxlaqi baxımından qəbuledilən deyil:

 

“AMEA-nın mətbuat xidməti adından yayılan məlum bəyanatın əsl müəllifinin Ramiz Mehdiyev olduğu, ən yaxşı halda bu bəyanatın ictimailəşmədən öncə AMEA-nın prezidenti kimi Ramiz Mehdiyevə təqdim edildiyi, məhz onun razılığı ilə yayımlandığı birmənalıdır.

 

Bəyanatda “avtobus müxalifəti”, “cib müxalifəti” kimi ifadələr yer alır. Şərhsiz də məlumdur ki, “avtobus müxalifəti” ifadəsinin arxasında işğaldan azad edilən torpaqlarımıza avtobusla səfər edən, bu səfər, eləcə də müharibə dövründəki bəyanatları ilə dövlətlə, Prezidentlə həmrəylik sərgiləyən siyasi partiya liderləri nəzərdə tutulur. Mən Ramiz Mehdiyevin diqqətinə çatdırmaq istərdim ki, vətən torpağına avtobusla səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur. Əksinə, bu, həmin səfərdə iştirak edən hər kəs üçün qürur duyulacaq şərəfli bir addım, müqəddəs bir ziyarətdir. Önəmli olan vətənə duyduğumuz sevgi, ona olan məhəbbətimiz, onu görmək, qorumaq istəyimizdir. Əgər kimsə işğaldakı torpaqlara avtobusla deyil, hansısa lüks avtomobillə səfər edirsə, bu, o demək deyil ki, onun vətən sevgisi daha böyükdür və o, əlahdidə münasibətə layiq görülməlidir”.

 

Bundan başqa, siyasi partiya liderlərinin bu səfəri Prezident Administrasiyasının birbaşa rəhbərliyi və iştirakı ilə hazırlanıb, həmin səfərdə partiya liderlərinin Administrasiyanın şöbə müdiri müşahidə edib. Belə olan halda həmin insanları sırf bu torpaqlara avtobusla səfər etdiyinə, Prezident Administrasiyasının çağırışına cavab verdiyinə görə hədəf seçmək yanlışdır və milli maraqlarımızın əleyhinə yönəlmiş bir addımdır”.

 

Sözügedən bəyanatda deputatların da hədəf alındığını vurğulayan V.Əhmədov qeyd edib ki, onların xalq tərəfindən seçilmədiyi, məhz “təyin edildiyi” ilə bağlı ittihamlar əsassızdır:

 

“Azad, demokratik seçki mühitinin mövcud olduğu ölkəmizdə millət vəkillərinin “təyin edildiyini” iddia etmək hər şeydən öncə dövlətimizin demokratik imicinə, Azərbaycanda keçirilən seçkilərin obyektivliyinə, şəffaflığına vurulan zərbədir və bu zərbənin uzun müddət Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bir insan tərəfindən endirilməsi ayrıca təəssüf doğurur. Hesab edirəm ki, bu, dövlətimizlə yanaşı, həm də ona rəhbərlik edən cənab Prezidentimizə atılan bir böhtandır və bu dezinformasiyadan anti-milli qüvvələrin maksimum istifadə etməyə çalışacağı şübhəsizdir. Yaxşı olardı ki, Ramiz Mehdiyev şəxsi ambisiyalarını dövlət maraqlarını hədəf almadan, respublikamızın adına, onun imicinə xələl gətirmədən müdafiə edərdi. Həmçinin, unutmaq olmaz ki, millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir. Çünki millət vəkilini xalq, millət seçir və millət vəkili parlamentdə məhz xalqın arzu və istəklərini ifadə edir. Bu baxımdan, əminliklə demək olar ki, Ramiz Mehdiyevin millət vəkillərinə yönəlik ittihamları həm də onların seçicilərinə ünvanlanıb ki, heç kimin, o cümlədən akademiya prezidentinin xalqı ittiham etməyə haqqı yoxdur”.

 

Deputat AMEA-nın mətbuat xidmətinin yaydığı bəyanatda bir qrup alimin hədəf alınmasına da toxunub:

 

“Maraqlıdır ki, bu alimlərin hər biri Ramiz Mehdiyevin hədəfinə məhz akademiya prezidenti haqqında açıq tənqidi fikirlər səsləndirdikdən sonra düşüb. Həmin insanların elmlə əlaqəsi olmadığını, “elmə xeyir vermədiyini” iddia edən Ramiz Mehdiyev, nə sirdirsə bu insanları, onların elmlə əlaqəsinin olmadığını akademiyaya rəhbərlik etdiyi son illərə qədər “görməyib”. Məhz Ramiz Mehdiyevlə bağlı tənqid səsləndirəndən sonra həmin alimlərin “elmdən uzaq olduğu” məlum olub. Zənnimcə, bu amilin özü Ramiz Mehdiyevin siyasətçilər və millət vəkilləri ilə yanaşı, alimlərə münasibətdə də qərəzli davrandığını sübut edir. 

 

Ümumiyyətlə, proseslər göstərir ki, Azərbaycan elminin məbədi sayılan akademiya son 3 ildə, yəni Ramiz Mehdiyevin rəhbərliyi dönəmində siyasi intriqa və şəxsi maraqların qarşıdurma poliqonuna çevrilib. Elmi məqalə və məlumatlar üçün platforma sayılmalı olduğu halda AMEA-nın saytı hazırda Ramiz Mehdiyevin böhtan xarakterli məlumatları üçün tribuna rolunda çıxış edir. Hesab edirəm ki, bu tendensiyaya son qoyulmalı, akademiyada normal elmi mühit və münasibətlər bərpa olunmalıdır.

 

Ramiz Mehdiyevin müdafiəsinə həsr edilən bəyanatda diqqət çəkən məqamlardan biri də onun tənqidi fikir söyləyənlərin ünvanına hədələr səsləndirməsi, yeni ifşaedici açıqlamalar verəcəyi ilə bağlıdır. Ramiz Mehdiyevin sadəcə bir və ya bir neçə insana deyil, cəmiyyətin müxtəlif kateqoriyalarına – millət vəkillərinə, ziyalılara, siyasətçilərə və s. cəbhə açdığını nəzər alsaq, onun əslində bütün xalqla mübarizəyə hazırlaşdığını, bunun anonsunu verdiyini iddia etmək olar. Lakin Ramiz Mehdiyev unutmamalıdır ki, bu dünyada hələ heç kim xalqla mübarizədən qalib ayrılmayıb. Çünki xalqa qalib gəlmək mümkün deyil.

 

Yaxşı olardı ki, AMEA prezidenti başqaları haqqında yalan və böhtan dolu fikirlər səsləndirmək, dövlətin imicini zərbə altına qoymaq, hədə-qorxu dolu açıqlamalar vermək əvəzinə onun barəsində səslənən tənqidlərə qarşı dözümlü olsun, bu tənqidləri təhlil etsin, onların nədən, niyə qaynaqlandığını obyektiv şəkildə  təhlil etsin və səhvlərindən nəticə çıxartsın. Bəlkə o zaman Ramiz Mehdiyevin danışıq ritorikası ilə yanaşı, AMEA-nın fəaliyyətində də müsbətə doğru hansısa irəliləyişin baş verdiyinə şahid olmaq mümkün oldu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV