“AMEA prezidenti Ramiz Mehdiyevin onu haqlı olaraq tənqid edənlərə, istefaya çağıranlara Akademiyanın rəsmi internet səhifəsinin manşetində yerləşdirdiyi məqalə təkcə tənqidlərə cavab yazısı deyil. Onun şəxsi diktəsi ilə hazırlanan bu material eyni zamanda Mehdiyevin çirkli planlarından xəbər verir. Bu barədə ətraflı bəhs etməzdən əvvəl bir məqamı vurğulayaq ki, o siyasi iqtidarı şantaj edir, hədələyir və seçdiyi yaramaz epitetlərlə radikal müxalifət düşərgəsindən və onun təsirində olan ictimai dairələrdən dəstək almağa çalışır”.
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Etibar Əliyev deyib.
“Mehdiyev yazır: “Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində...” Deputatlara, elm adamlarına hansi dairələr sifariş verə bilər, Mehdiyev burada dövlət rəhbərliyini hədəfə alır. Belə fikir formalaşdırmağa çalışır ki, ölkə rəhbərliyi guya bununla mübarizə aparır.
Akademikin bəhs etdiyi “ölkənin tale yüklü problemlərindən diqqəti yayındırmaq” ifadəsi də təsadüfən seçilməyib. Söhbət hansı problemlərdən gedir? Əlbəttə o, antimilli bir şəxs olaraq Qarabağ ətrafında proseslərdən bəhs edə bilməz, Mehdiyev hakimiyyətə qarşı xaricdən qaynaqlanan və müxalifət tərəfindən tirajlanan “qara piar” kampaniyalarını nəzərdə tutur və müxalif düşərgəyə pas atır. Mehdiyev hakimiyyətlə dialoqa gedən müxalif partiyaları radikal müxalifət düşərgəsinin istifadə etdiyi epitetlərlə çağırır, onlara “cib müxalifəti”, “avtobus müxalifəti” yarlığı yapışdırır. Məlumdur ki, ölkədə siyasi dialoq mühitinin yaradılması, Prezidentin iradəsi ilə bağlıdır və bu sahədə aparılan uğurlu siyasət siyasi palitranın əsas spektrini əhatə edib. Radikal müxalifət bu prosesi gözdən salmaq üçün geniş kampaniya aparır. İndi AMEA prezidenti Ramiz Mehdiyev onlara ciddi dəstək verməklə siyasi hakimiyyətin formalaşdırdığı yeni siyasi sistemə qarşı açıq müxalif mövqe sərgiləyir. Bu, ölkə başçısının müəyyənləşdirdiyi daxili siyasətə qarşı ciddi zərbə vurmaq cəhdidir.
Ramiz Mehdiyev məqaləsində 2 il əvvəl növbədənkənar seçkilərlə formalaşmış Milli Məclisə qarşı həqarətlər yağdırır və bu zaman onun istifadə etdiyi ifadələr müxalifət düşərgəsinin qaralama tezisləri ilə üst- üstə düşür. O deputatları “saxta”, “rüsvayçı yollarla parlamentə düşən” adlandırır. Yazı mətnində ayrı-ayrı millət vəkillərinin adını çəksə də bu, əslində ölkənin qanunverici hakimiyyətinə qarşı aşağılayıcı “qara piar” kampaniyasının Mehdiyev tərəfindən davamıdır. Bu məsələdə də Mehdiyevlə radikal müxalifət nümayəndələrinin istifadə etdiyi tezislər üst-üstə düşür və biri-birini tamamlayır. Əslində Ramiz Mehdiyevin özü saxta “elm adamı”, saxta akademikdir, onun bu elmi titulları necə əldə etdiyi yaxşı məlumdur”, - deyə deputat söyləyib.
Etibar Əliyevin fikrincə, düşündürücü məqamlardan biri də Ramiz Mehdiyevin öz yazısında heç bir əsas olmadığı halda Azərbaycanda rus məktəblərinə qarşı aparılan kampaniyalara diqqət çəkməyidir:
“Halbuki, hazırda bu barədə hər hansı ictimai müzakirə yoxdur. Deməli, akademik məqsədli şəkildə bu məsələni yenidən gündəmə qaytarmağa cəhd edir. O, rusdilli məktəblərin populyarlığından ağızdolusu danışır və daha sonra sual qoyur: “Bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən, Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?” Mehdiyev burada təhsil sistemini, bu sahədə dövlət başçısının iradəsi ilə aparılan islahatları hədəfə alır. Bununla kifayətlənməyərək milli təhsil sistemini rus dili qarşısında aşağılamağa çalışır. İkincisi, o siyasi elitada təmsil olunan şəxslərin övladlarının rus dilində təhsil aldığını deyir, sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılmasını xatırladır. Bununla öz aləmində ölkə rəhbərliyini rus dilində təhsilə qarşı olan kütlələrin hədəfinə gətirməyə cəhd edir. Daha bir çirkin niyyəti isə Azərbaycanda özünü Rusiya mədəniyyətinin, təhsilinin hamisi kimi təqdim etmək istəyidir. Mehdiyev bu cür yaramaz işlərə baş qoşmaqla heç nədən çəkinmədiyini ifadə edir və bununla da özündən sərsəm “internasionalist” obrazı formalaşdırmağa cəhd edir. Bunları deməsə erməni arvadı Qalina Yuryevna və erməni qohumları ondan incik düşə bilər”.
AMEA rəhbərinin qurumun institut rəhbərləri, rəhbərlikdə təmsil olunan şəxsləri də hədəfə aldığını vurğulayan deputatın fikrincə, onun yazdıqlarından belə məlum olur ki, akademiya qurumlarında aparılan yoxlamaların nəticələrindən şantaj kimi istifadə edir və onları öz təsir dairəsindən çıxmağa qoymur:
“Bir sözlə, Ramiz Mehdiyev AMEA-nı öz şəxsi təsərrüfatına, qalasına çevirməklə, özünəməxsus oyun qaydaları ilə idarə olunan müstəqil quruma çevirməyə cəhd edir. Bu zaman həyasızcasına ölkə prezidentinin dövlət qurumlarında şəffaflığın təmin olunması ilə bağlı çıxışlarından istifadə edir. Əslində dövlətin yürütdüyü siyasəti qəbul etmir, ona qarşı çıxır, şantaj, təhdid kimi alətlərdən yararlanmaqla “öz hakimiyyətini” qəbul etdirməyə cəhd edir. Akademiyada özünə firqə yaratmağa çalışır.
Nəticə budur ki, Mehdiyevin sadalanan bu addımları şübhəsiz ki, siyasi hakimiyyətə, onun ölkədə həyata keçirdiyi uğurlu siyasətə qarşı yönəlib. O, bir dəfə olsun hakimiyyəti hər fürsətdə ləkləməyə çalışan qüvvələrə qarşı fikir işlətmir, əksinə onların əlinə dəstəvuz verir, həmrəylik nümayiş etdirir. AMEA kimi mühüm posta oturan şəxsin bu cür əməllərlə məşğul olması, dövlətə meydan oxumaq cəhdləri heç şübhəsiz ölkə ictimaiyyəti tərəfindən məyusluqla qarşılanır. Ona görə ləngimədən Mehdiyev barəsində ciddi tədbirlər görülməli, Azərbaycan elmini onun bədnam siyasi maraqlarının girovuna çevrilməkdən xilas etmək lazımdır. Ramiz Mehdiyev artıq yetişmiş appendisitdir və onu kəsib atmağın vaxtı çatıb…”