“Emosional çıxışdır. Tahir Kərimlini çoxdan tanıyırıq. O, ümumiyyətlə, emosional insandır. Həmişə belə çıxışlar edir”.
Bu sözləri Modern.az-a videosu yayılan deputat Tahir Kərimlinin çıxışı haqqında danışan psixoloq Azad İsazadə deyib. Psixoloq deputatın iddia edildiyi kimi, psixoloji gərginlik yaşadığını düşünmür.

“Tahir Kərimlinin çıxışlarının həmişə müsbət və ya mənfi qarşılandığını deyə bilmərəm. Situasiyadan asılı olaraq dəyişir. Bəzən Tahir Kərimlinin emosional çıxışı çox müsbət təsir bağışlayır, bəzən də kimlərə isə xoş gəlmir. Mən onu şəxsən tanıyıram, bilirəm ki, xaraktercə emosional insandır. Bu onun davranış normasıdır. Hansısa patoloji amillərdən danışmaq, psixoloji problemi iddia etmək düzgün olmazdı. Tahir Kərimli hər zaman soyuq, qeyri-emosional çıxışları ilə tanınsaydı, indiki videonu yenilik sayardıq. Amma çıxışından aydın olmadı ki, onu kim hədələyib, bu fikirləri kimə qarşıdır. Kimsə deputatı ölümlə hədələyibsə, belə emosional reaksiya prinsipcə normal qarşılanmalıdır. Kiminsə, xoşuna gəlməyə bilər, amma başa düşməliyik ki, Tahir Kərimli həmin andakı ruh halı ilə emosional reaksiya verib. Heç kimi təhqir etməyib, ad da çəkməyib, sadəcə öz fikirlərini bu tərzdə çatdırmağa çalışıb. Mənim üçün qeyri-adilik yoxdur”, - deyə psixoloq vurğulayıb.
Qeyd edək ki, deputat Tahir Kərimlinin sosial şəbəkədə yayılan məlum videosu müzakirələrə səbəb olub. Deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb. Həmin videoda deputatın əlində oyuncaq tutması onun psixoloji durumun yerində olmaması barədə fikirlərin formalaşmasına zəmin yaradıb.