Modern.az

Ermənistanda ev ala bilərikmi? - Ekspertlər İZAH EDİR

Ermənistanda ev ala bilərikmi? - Ekspertlər İZAH EDİR

Aktual

18 Fevral 2022, 15:32

Bir neçə gün əvvəl 6 nəfər Azərbaycan vətəndaşının Ermənistanda mülk alması barədə sensasion məlumat yayılıb. Ermənistanın Daşınmaz Əmlak Kadastrı tərəfindən mətbuata ötürülən statistikaya əsasən, Azərbaycan vətəndaşları 2012 (2), 2018 və 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Digər 1 mənzil isə 2012-ci ildə hədiyyə olaraq Azərbaycan vətəndaşına verilib. 

 

Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyektin alındığı deyilir. Mülk alan şəxslərin etnik mənsubiyyətinin azərbaycanlı olması barədə iddiaları Ermənistanın Daşınmaz Əmlak Kadastrı təkzib edib. Diqqətə çatdırılıb ki, söhbət Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.
 

Maraqlıdır, Azərbaycan vətəndaşları Ermənistanda necə əmlak ala bilərlər? Hüquqi baxımdan bu mümkündürmü?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Ermənistan tərəfinin yaydığı məlumatın cəfəngiyat olduğunu söyləyib.

 

“Əvvəla, Azərbaycan vətəndaşını Ermənistana buraxmırlar. Ermənistan vətəndaşı da bura gələ bilməz. Ermənistanda və Azərbaycanda ev almaq üçün müəyyən sənədləşmə prosedurlarını keçmək mütləqdir. Lakin indiki halda Ermənistanda ev almaq mümkün deyil. Açıqlanan rəqəmlər təxəyyülün məhsuludur. Ola bilsin, yenə də ermənilərin hansısa siyasətinə xidmət edərək, qəsdən yayılmış məlumatdır. Ermənistanda mövcud olan qanunlarla, tələb edilən sənədlərlə müəyyən qədər tanış oluram. Azərbaycan vətəndaşının orada mülk sahibi olması mümkün deyil. Dediyim kimi, Ermənistan vətəndaşı da Azərbaycanda ev ala bilməz”.

 

 

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Ermənistanın Daşınmaz Əmlak Kadastrının statistikada manipulyasiyaya yol verdiyini düşünür. Eyni zamanda Sahib Məmmədov diqqətə çatdırıb ki, qanunla buna məhdudiyyət yoxdur:

 

“Azərbaycan qanunlarında “filan ölkənin vətəndaşına daşınmaz əmlak əldə etmək qadağandır” kimi bir ifadə yer almayıb. Sadəcə hansısa bir erməni, Ermənistan vətəndaşı Azərbaycanda daşınmaz əmlak almır, ala da bilməz. Bu, faktdır. Ermənistanda da analoji vəziyyətdir.

 

Ermənilərin açıqladığı Azərbaycan vətəndaşları məsələsində manipulyasiya olduğunu düşünürəm. Ola bilsin, daşınmaz əmlak alanların Azərbaycan vətəndaşlığı var. Amma necə? Yəqin ki, vaxtilə Azərbaycanda yaşamış, Ermənistana köçüb getmiş ermənilərdir. De-fakto vətəndaşlığını saxlayır, Ermənistan vətəndaşlığını almayıb. Amma bizim rəsmi sənədlərimizdə o şəxslər vətəndaş kimi yoxdur. Əgər buradan köçüb getmiş erməni 1990-cı illərdə mövcud olan Azərbaycan vətəndaşlığını saxlayıbsa, buna yol verilməsi Ermənistanın hansısa siyasətindən irəli gəlir. Təkrar edirəm, həmin şəxslər Azərbaycanın vətəndaş qeydlərində çoxdan silinib.  

 

İkinci bir variant - ola bilər ki, vaxtilə Ermənistan tərəfə keçmiş, üçüncü ölkədən sığınacaq istəyən bir nəfəri nəzərdə tuturlar. Bəlkə də o, Azərbaycan vətəndaşlığını saxlayır. Ermənistan hökuməti ona ev bağışlamış ola bilər.   

 

Digər bir ehtimal Qarabağda, Xankəndində yaşamağa davam edən ermənilərlə bağlıdır. Yenə də Birinci Qarabağ Müharibəsindən öncə Azərbaycan vətəndaşı sayılan, Qarabağda yaşayan hansısa erməni vətəndaşlıqdan çıxmamış ola bilər. Bəlkə də həm Qarabağda, həm də İrəvanda mülk sahibi olub.

 

Hər bir halda Ermənistanda ev alanlar azərbaycanlı deyil. Hansısa başqa millətin nümayəndəsidir. Azərbaycan vətəndaşlığını qəbul edib, ikili vətəndaşlığı var, yaxud nə zamansa, Azərbaycan vətəndaşı olub və başqa ölkədə yaşasa da, de-fakto bu vətəndaşlığı saxlayır.

 

Ermənistanın rəsmi qurumunun açıqladığı məlumata o zaman etibar edə bilərdik ki, həmin şəxslərin adları təqdim edilərdi. Bu şəkildə yaydıqları informasiya manipulyasiyadan başqa bir şey deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV