Modern.az

Müttəfiqlik sənədi Azərbaycanın təhlükəsizliyini möhkəmləndirəcək

Müttəfiqlik sənədi Azərbaycanın təhlükəsizliyini möhkəmləndirəcək

22 Fevral 2022, 17:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada rəsmi səfərdədir. Dövlət başçısı səfər zamanı bu gün rusiyalı həmkarı Vladimir Putinlə təktəbək görüş keçirib. Prezident görüşdə bir sıra vacib məqamlardan söz açıb, eyni zamanda bu gün Rusiya ilə Azərbaycan arasında tarixi sənədin imzalanacağını bildirib.

 

Sənədin əhəmiyyəti barədə Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, müttəfiqlik bəyanatı hər iki ölkə üçün əhəmiyyətli sənəddir.

 

Deputatın sözlərinə görə, xüsusilə Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsi baxımından ölkələrarası əməkdaşlıq vacibdir:

 

“Rusiya və Azərbaycan bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır. Rusiya 44 günlük müharibə zamanı “Qarabağ Azərbaycandır” fikrini dünyaya çatdırdı. Mənə elə gəlir ki, bu sənəd ölkələrimizin münasibətləri ilə bağlı çox mühüm amildir. Geniş iqtisadi, mədəni sahələrdə əməkdaşlıq olacaq. Təhlükəsizlik sahəsində əməkdaşlıq istisna deyil.

 

Görürsünüz ki, bu proseslə bağlı Ermənistanda ciddi narahatlıq var. Xüsusilə, hərbi qüvvələr revanş barədə düşünürlər, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Bu normal prosesdir”.

 

 

Asim Mollazadə xatırladıb ki, Rusiya və Azərbaycan arasında əməkdaşlıq sənədinin imzalanmasına ötən ilin əvvəlindən başlanıb:

 

“Müəyyən səbəblərə görə, bunun imzalanması ləngiyib. Son vaxtlar Türkiyə və Rusiya arasında normal münasibətlər formalaşır. Türkiyə Azərbaycanın qardaşı, hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə belə sənəd imzalayaraq, Rusiya tərəfindən də öz təhlükəsizliyini möhkəmləndirir. Bu, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün möhkəmlənməsi üçün atılan vacib addımdır”.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!