“Təhsil Nazirliyi bütün dərslikləri çap etməmişdən əvvəl ictimai müzakirəyə çıxarır. Sonda orada hansısa texniki səhv olanda nəyə görəsə yalnız Təhsil Nazirliyi məsuliyyət daşıyır”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib.
Dərsliklərin dilinin çətinliyinə gəldikdə isə nazir deyib ki, Təhsil İnstitutunda çalışdığı vaxtlarda bu işlə məşğul olublar:
“Çətinliyin ölçülməsi ilə bağlı dildə olan ümumişlək sözlərin və sözlərin tezliyi lüğəti var. Hətta elektron formada da yaradılıb, mətni ora atmaqla sözün çətinlik əmsalını çıxarmaq mümkündür. Bir mətndə uzun cümlələr varsa və yaxud ümumişlək sözlər azdırsa, o çətin mətndir. Gündəlik həyatımızda 1000-1500, 2000 sözü daha çox istifadə edirik. Ehtiyat dərsliklərə də bunu tətbiq etməyə başlamışıq. Eyni zamanda, az işlənən sözləri daha çox işlənən sözlərlə əvəz etməklə mətnləri sadələşdirməyə çalışırıq. Amma razılaşıram ki, Azərbaycan dərsliklərində məzmun əsaslı şəkildə dəyişməlidir”.