Modern.az

Deputat ombudsmanın hesabatını müsbət qiymətləndirdi

Deputat ombudsmanın hesabatını müsbət qiymətləndirdi

4 Mart 2022, 16:26

“Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş, demokratik imicə malik, güclü və qalib dövlət kimi tanınır. Bu gün respublikamızda insan hüquqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, təkmil mexanizmlər formalaşdırılıb”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım İnsan Hüquqları üzrə Müvəkkilin 2021-ci ildə görülən işlərlə bağlı məruzəsinə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, bu kontekstdə İnsan Hüquqları üzrə Müvəkkilin səmərəli fəaliyyəti təqdirəlayiqdir:

 

“Ümumiyyətlə, Ombudsmanın fəaliyyəti insanların dövlət orqanlarına müraciətlərinin vaxtında cavablandırılmasına, məlumatlılıq səviyyəsinin artırılmasına, vəzifəli şəxslər tərəfindən vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına istiqamətlənib. Biz bunu Müvəkkilin məruzə və hesabatlarında əksini tapmış faktlardan da görürük.

 

Yeri gəlmişkən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2021-ci il üzrə məruzəsinə nəzər saldıqda təsisatın fəaliyyətinin ötən il də kifayət qədər uğurlu, səmərəli olduğunu və vacib istiqamətləri əhatə etdiyi aydın olur. 

 

İlk növbədə müraciətlərə operativ və dəqiq baxılmasına məsuliyyətli yanaşma ortaya qoyulub. Bu, Prezident İlham Əliyevin şəffaf cəmiyyət quruculuğu siyasətinə və “bizim siyasətimizin mərkəzində vətəndaş amili dayanır” yanaşmasına tam uyğundur, dövlət ilə vətəndaş arasında inamın gücləndirilməsinə xidmət edir. Ötən il ərzində dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpasına xüsusi diqqət göstərilməsi həm də hüquqi dövlət quruculuğuna və qanunun aliliyi prinsipinin qorunmasına mühüm töhfədir. Ombudsmanın və təsisat əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, təhsil və tibb, habelə sosial xidmət müəssisələrinə başçəkmələr həyata keçirmələri də hüquqların qorunması və pozulmuş hüquqların bərpası baxımından önəmlidir”.  

 

Millət vəkili qeyd edib ki, məruzədə diqqəti cəlb edən mühüm məqamlardan biri də cəmiyyətin bütün təbəqələrindən olan insanlarla daimi təmasda olmaq və onların problemlərinin həllinə təsisatın səlahiyyətləri çərçivəsində yardım göstərməkdir:

 

“Xüsusilə, həssas qruplardan olan insanlar, şəhid ailələri və müharibə veteranları, o cümlədən müharibə əlilləri ilə daim təmasda olan Ombudsmanın onların hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlər görməsi təqdirəlayiqdir. Mərkəzi aparatda və regional mərkəzlərdə pandemiya şəraitinə görə canlı qəbulun keçirilməməsinə baxmayaraq, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının müxtəlif vaxtlarda Ombudsman tərəfindən şəxsən qəbul edilməsinə ayrıca diqqət yetirmək istəyirəm. Onların şikayətlərinin dinlənilməsi, problemlərinin həlli məqsədi ilə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilməsi, hesab edirəm ki, həm dövlət siyasətinə dəstək, həm də milli həmrəyliyin qorunmasına vacib töhfədir.

 

Bunlarla yanaşı, Ombudsmanın Ermənistanın hərbi cinayətləri, erməni vandalizmi ilə əlaqədar beynəlxalq ictimaiyyətə - ayrı-ayrı ölkələrin ombudsmanlarına, beynəlxalq təşkilatlara, parlamentlərə və s. müraciətləri də çox mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın haqlı və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası üçün önəmli olmaqla yanaşı, işğalçı dövlətə qarşı beynəlxalq birlik tərəfindən təzyiq göstərilməsi və sanksiya tətbiq olunması üçün hüquqi əsaslar yaradır. Ombudsmanın xarici nümayəndələrlə görüşü və beynəlxalq tədbirlərdə iştirakı zamanı bu məsələləri daim diqqətdə saxlaması da faydalı və əhəmiyyətlidir.

 

Məruzədə insan hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı təklif və tövsiyələrin öz əksini tapması təqdirəlayiqdir. Bu, həm aidiyyəti qurumların öz fəaliyyətlərini səmərəli qurmaları, həm insan hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, həm də hüquqi şüurun yüksəldilməsi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi üçün mühümdür.

 

Nəticə etibarilə, Ombudsman 2021-ci ildə də öz fəaliyyətini uğurla davam etdirib və insan hüquqlarının qorunması siyasətinə töhfələr verib. Mən Müvəkkilə 2022-ci ili əhatə edən fəaliyyətində də uğurlar arzulayıram”.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!