"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasındakı danışıq çox önəmlidir. Çünki müharibə davam edir, itkilər, dağıntılar və qaçqınlar var. Bu humanitar fəlakətdir və qarşısını almağa doğru atılan bütün cəhdlər təqdirəlayiqdir".
Bu sözləri Modern.az-a Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikir mübadiləsi aparan Türkiyə və Rusiya prezidentlərinin görüşünü şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, danışıqların gedişində səsləndirilən mümkün təkliflər böhranın tam həll olunması ilə bağlıdır:
"Atəşkəsin bərqərar olunması haqqında fikirlər ortaya qoyulub. Eyni zamanda, prezidentlər bu atəşkəsin davamlı olması haqqında fikir mübadiləsi aparıblar.
Əsas məsələ sülhün təminatı ilə bağlı dialoqlardır. Mən hesab edirəm ki, bundan sonra böyük miqyaslı siyasi dialoq mümkündür. Proseslər yenə də uzunmüddətli xarakter daşıyacaq. Çünki hadisələr, tərəflərin yanaşmaları bir-birinə o qədər ziddir ki, yaxın vaxtlarda asan, əlçatan həll yolunun tapılmasını gözləmək düzgün olmazdı".