“Ölkəmiz regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə davamlı töhfələr verməkdədir. Azərbaycan bu istiqamətdə növbəti bir mühüm addım atıb. Bu, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanmasıdır. Beləliklə, Azərbaycan bölgədə liderliyini davam etdirərək növbəti uğura imza atmış oldu”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Memorandumun imzalanması postmüharibə dövrünün reallıqları fonunda Azərbaycan dövlətinin milli və perspektiv maraqlarımıza cavab verən önəmli addımdır. Əslində, bu sənədin imzalanmasını tarixi hadisə kimi də dəyərləndirmək mümkündür.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında imzalanmış sənəd Ermənistana zərbədir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Ermənistanın Mehri rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması bütün region dövlətlərinin maraqlarına cavab verir. Dəhlizin açılması dalan ölkə olan Ermənistan üçün də faydalıdır. Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Təxminən bir il yarımdır ki, Ermənistan hakimiyyəti, buradakı ayrı-ayrı revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycana qarşı istifadə etməyə çalışaraq müəyyən şərtlər irəli sürür və yersiz bəyanatlar səsləndirirlər. Bu şərtləri qəbul etməyən qalib Azərbaycan isə qarşısına qoyduğu məqsədləri uğurla reallaşdırır və milli maraqlarının təmin olunmasını, regional əməkdaşlığın genişlənməsini hədəfləyən addımlar atır. Ölkəmizin dost İranla yeni nəqliyyat bağlantısının yaradılması ilə bağlı razılığa gəlməsi bunu bir daha təsdiqləyir. Ermənistan isə Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətsə, yenə də regional əməkdaşlıqdan kənarda qalacaq, dərin sosial-iqtisadi böhran məngənəsindən çıxa bilməyəcək.
Fatma Yıldırım qeyd edib ki, imzalanmış Memorandum Azərbaycana həm siyasi, həm də iqtisadi dividentlər qazandırır:
“Bu yol əslində Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı xoş olmayan niyyətləri iflasa uğrayır. Yəni, Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək. Bütövlükdə, Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür. Yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın gəlirləri artacaq. Eyni zamanda, Naxçıvanla kommunikasiya əlaqələri təmin olunacaq”.