Modern.az

Hamilə qalan 16 yaşlı qızın başına gələnlər - Əri narkoman çıxdı, atası imtina etdi

Hamilə qalan 16 yaşlı qızın başına gələnlər - Əri narkoman çıxdı, atası imtina etdi

Aktual

28 Mart 2022, 18:10

Bu gün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadənin feysbuk paylaşımı diqqət çəkib. Paylaşımda 16 yaşlı yeniyetmə qızın hamilə qalmasından bəhs olunub, lakin təfərrüatları açıqlanmayıb. K.Ağazadənin statusu izləyicilər tərəfindən həssaslıqla qarşılanıb. 

 

Modern.az-ın əməkdaşı QHT sədrinin özü ilə əlaqə saxlayaraq, məsələnin mahiyyətini aydınlaşdırmağa çalışıb. 

 

K. Ağazadə deyib ki, Gəncə şəhərində yeniyetmə qız bir il bundan öncə sevdiyi oğlana qoşulub qaçıb. Özündən 7 yaş böyük gənclər münasibətdə olan qız yaxınlarının təkidilə bir müddət sonra geri qayıdıb:

 

“Həmin oğlan 22 yaşındadır, Gəncədəndir. Qızın xalası DİN-in 102 "Qaynar xətti"nə zəng vurduqdan sonra yeniyetmə evinə geri qaytarılıb. Bir müddət keçdikdən sonra qız yenidən həmin oğlanla qaçıb. Yeniyetmə birinci dəfə qaçanda 15, ikinci dəfə gedəndə 16 yaşında olub. İkinci dəfə qaçdıqdan sonra yalançı toy ediblər, çünki qız hələ yetkinlik yaşına çatmayıb. Yaxınları da toy olduğu üçün məsələnin həll olunduğunu düşünüblər. Qızın dediyinə görə, o sonradan bilib ki, oğlan narkotik istifadəçisidir. Qıza dəfələrlə şiddət göstərib. Yeniyetmə bu səbəbdən geri qayıdıb. O, hazırda altı aylıq hamilədir”.

 

K. Ağazadə məsələnin müvafiq orqanlarının nəzarəti altında olduğunu vurğulayıb:

 

“Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də nəzarətindədir. Biz də öz növbəmizdə Suraxanı Rayonu Rolis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş Üzrə Şöbəsinə bildirmişik. Qızın bizə müraciəti ondan ibarət idi ki, onun hamiləliyi qeydiyyata alınmırdı. Yəqin ki, bu gündən etibarən tez bir zamanda yeniyetmənin hamiləliyi qeydiyyata alınacaq və müvafiq müayinə-müalicə prosedurları həyata keçiriləcək”.

 

Qeyd edək ki, yeniyetmə qız hazırda xalasının evində qalır. Onun anası vəfat edib, atası ilə əlaqəsi yoxdur.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır