“Təəssüf ki, diqqətsizlik belə bir faciənin yaşanmasına gətirib çıxardı”.
Bunu Modern.az-a 6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva məktəb binasında baş vermiş uçqunla bağlı danışarkən deyib.
Deputat 4 nəfərin həlak olduğu hadisənin səbəbini binanın qəzalı vəziyyətdə olması ilə əlaqələndirib:
“Aprelin 1-də dünyasını dəyişənlərin ailələrinə baş çəkdim, mərhumların yaş mərasiminə qatıldım, ailələrə başsağlığımı bildirdim. Sakinlərlə söhbətlərdən anladığım qədərilə tikilməkdə olan məktəbin uçmasına səbəb qəzalı binanın gözlənilmədən tavan hissəsinin çökməsi olub. Təəssüflər olsun ki, diqqətsizlik belə bir faciənin yaşanmasına gətirib çıxardı. Hadisə zamanı dünyasını dəyişənlərə rəhmət diləyirəm”.

Xatırladaq ki, ötən gün Naxçıvan Muxtar Respublikasının, Babək rayonu Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsi uçub. Uçqun nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Dağıntılar arasından daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.
Hadisə zamanı 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 1972-ci il təvəllüdlü Həsən Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov və 1988-ci il təvəllüdlü Asəf Rüstəmov həlak olublar.
(Uçqunda həlak olan şəxslərin fotoları)