Modern.az

Prezident xalqımızın qəhrəmanlıq salnaməsini yaradıb - Deputat

Prezident xalqımızın qəhrəmanlıq salnaməsini yaradıb - Deputat

3 Aprel 2022, 17:18

“Ölkəmizdə keçirilən son prezident seçkilərindən dörd il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə cənab İlham Əliyev növbəti dəfə xalqın böyük dəstəyi ilə parlaq qələbə qazandı. Bütövlükdə, son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasətçini görür”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Onun sözlərinə görə, ötən dövr ərzində  keçilən yol təsdiqləyir ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir:

 

"Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail olub. Dövlətimizin başçısı 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qətiyyətlə bildirib ki, Azərbaycanın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək. Bu dövrdən etibarən ölkəmizdə islahatların yeni, dinamik mərhələsi başladı və bu islahatlar hər bir sahəni əhatə edir. İslahatların müsbət nəticələrini cəmiyyətimiz aydın şəkildə şahidi olmaqdadır".

 

 

Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Keçən dövrün təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. 

 

Azərbaycanın sosial dövlət olduğunu söyləyən Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır:

 

""Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır", - deyə Prezident İlham Əliyev Öz fəaliyyətinin ana xəttini bir daha nəzərə çatdırıb. Dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir. Son 18 ildə respublikamızda əməkhaqları, pensiyalar mütəmadi qaydada artırılıb. 2020-ci ildə iki mərhələdə aparılan və 4 milyon insanı əhatə edən böyük sosial paket çərçivəsində reallaşdırılan islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub. Bu ilin yanvar ayında da pensiya, sosial müavinətlər və digər ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlətin ən çətin anlarda vətəndaşın yanında olmaq ənənəsi formalaşıb. Ölkəmizdə bu ənənə qlobal pandemiya şəraitində də davam etdirilir". 


Deputat onu da diqqətə çatdırıb ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib: 

 

"Daim milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi faktı ilə barışmayıb. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün bütün imkanlarımızı səfərbər edirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini Özünəməxsus diplomatik məharətlə əsaslandırırdı. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında, "Valday" Diskussiya Klubunda işğalçı dövlətin baş nazirinə verdiyi tarix dərslərini hər kəs yaxşı xatırlayır. 


Azərbaycan Prezidentinin işğal altındakı torpaqları sülh yolu ilə geri qaytarmaq çağırışlarına əməl etməyən  Ermənistan beynəlxalq birliyin təzyiqlərindən kənarda qalmasından ruhlanaraq yeni müharibəyə başlamaq, yeni ərazilər ilhaq etmək həvəsinə düşmüşdü və bu məqsədlə ardıcıl təxribatlar törədirdi. Təkcə 2020-ci ilin əvvəlindən bəri işğalçı Ermənistan Azərbaycana qarşı üç təxribat cəhdinə əl atıb. İşğalçılıq siyasətini genişləndirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev etdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan  İlham Əliyevin göstərişi ilə Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Vətən müharibəsində qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. 


Bu gün cənab Prezident İlham Əliyevin növbəti dəfə dövlətimizin başçısı seçilməsinin ildönümünü qeyd edirik. Əminəm ki,  yeni mərhələdə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanımız daha da güclənərək yeni-yeni zəfərlərə imza atacaq”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır