"Seçicilərimin ünvanladığı müraciətlərə nəzər saldıqca aydın olur ki, bələdiyyələr tərəfindən vətəndaşların istəkləri yerinə yetirilmir. Hər hansı məsələ ilə bağlı kənd bələdiyələrinə müraciət etdikdə bizə vəsaitin olmadığını və bu səbəbdən problemlərin həllinə köməklik göstərə bilməyəcəklərini deyirlər".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Bərdə rayonunu parlamentdə təmsil edən deputatın sözlərinə görə, rayon icra hakimiyyətinə kənd camaatının müəyyən problemini bildirdikdə "bu bələdiyələrin işidir, onların səlahiyətindədir" cavabını alır:
"Nəticə etibarilə qaldırılan məsələlər açıq qalaraq vətəndaşlarda narazılıq yaradır. Öncə qeyd etmək istəyirəm ki, respublikada bələdiyyələrin sayına görə Bərdə rayonu birinci yerdədir və hazırda Bərdədə 66 bələdiyyə fəaliyyət göstərir. Bəlkə də elə bələdiyyələrin fəaliyyətindəki problemlərin çoxluğuna görə də, bu rayon ölkədə birincilərin sırasındadır. Aldığımız məlumata əsasən qeyd etmək istəyirəm ki, Bərdə şəhər bələdiyyəsi də daxil olmaqla Bərdə rayonunda fəaliyyət göstərən 56 bələdiyyənin məcburi dövlət sosial sığorta borclarına görə bank hesablarına məhdudlaşdırıcı sərəncamlar qoyulduğundan heç bir maliyyə əməliyyatı apara bilmirlər. DSMF-yə rayon üzrə bələdiyələrin ümumi borcu 400 min manatdan artıqdır. Yaranan borclar əsasən 2005-2015-ci illərdə bələdiyyə sədri işləmiş şəxslərin məsuliyyətsizliyi və digər aidiyyati qurumların rəhbərliyinin problemin həllinə vaxtında kömək etməməsindən olub.
Acınacaqlı həm də odur ki, bir çox kənd bələdiyyələrinin dövlət büdcəsindən verilən 1700 və ya 1800 manat həcmində dotasiyadan başqa gəlirləri olmur. Elə sadaladığım bu faktlar onu deməyə əsas verir ki, rayonda fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər. Düşünürəm ki, bu problem təkcə Bərdə rayonunda fəaliyyət göstərən bələdiyyələrdə deyil, digər rayonların da kiçik, əhalisi az olan və maliyyə cəhətdən zəif bələdiyyələrdə də mövcuddur. Hesab edirəm ki, bu problemlərin əsaslı həlli üçün geniş müzakirələr aparılmalı və ciddi tədbirlərin görülməsi vacibdir. Təklif edirəm bu məqsədlə, Milli Məclisin Regional Məsələlər Komitəsi və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən birgə komissiyası yaradılsın və komissiyanın işinə aidiyyatı dövlət qurumları cəlb olunsun".
Fatma Yıldırımın fikrincə, qeyd olunan problemlərin həlli yollarından biri kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların kadr və maliyyə potensialının gücləndirilməsi və beləliklə, birləşmə nəticəsində yaranan nisbətən böyük bələdiyyənin normal fəaliyyətinin təmin edilməsi ola bilər:
"Beynəlxalq təcrübədə də qeyd etdiyim metodlardan geniş istifadə olunur. Qardaş Türkiyə Respublikasında Bələdiyyə Qanununa əsasən, əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağan edilir. Əksər Avropa dövlətlərində əhalinin sayına aşağı məhdudlaşdırıcı say tətbiq etməklə şəhər və rayonlarda əsas inzibati vahidliklərdə az sayda güclü bələdiyyələr yaradılır və onların fəaliyyətləri əsasən qənaətbəxşdir. Zənnimcə, yaxın gələcəkdə Azərbaycanda da minimum əhali sayı tətbiq etmək və ya inzibati ərazilər üzrə islahatlarla bələdiyyələrin birləşməsi məsələsini müzakirə etmək olar".