"Ölkəmizi sevməyən xarici qüvvələrin əsiri olan Əli Kərimli kimi antimilli qüvvələrin “müqəddəs” vəzifələri Azərbaycanda xaos yaratmaqdır".
Modern.az xəbər verir ki, bu sözləri deputat Məlahət İbrahimqızı AXCP sədri Əli Kərimlinin sosial şəbəkə hesabında Azərbaycanla bağlı sərgilədiyi qərəzli mövqeyə cavab olaraq deyib.
O bildirib ki, həmin qüvvələrin yeganə hədəf və məqsədləri nəyin bahasına olursa-olsun ölkəmizdə hərc-mərclik yaratmaqdır:
"Azərbaycanı Ukrayna və Rusiya ilə müqayisə edən bu anti-milli qüvvələrin yanaşması və müqayisəsi o qədər qərəzlidir ki, heç düşmən də belə deməz. Sözsüz ki, bunun səbəbi bilməzlik və ya savadsızlıq deyil. Bunun səbəbi öz ölkəsinə və millətinə olan xainlikdən irəli gəlir. Mənsub olduğu xalqın, vətəndaşı olduğu respublikanın, eləcə də dövlətin əldə etdiyi nailiyyətləri görməmək, ancaq başqalarının sifarişini yetirməkdən qaynaqlanır. Bu antimilli qüvvələr vicdan sözünün nə olduğunu belə artıq bilmirlər. Çünki vicdanı olan heç kəs Azərbaycan dövlətinin uğurlarını, hökumətin şəhid və qazilərə etdiyi diqqət haqqında belə fikirlər səsləndirməz. Ermənipərəst qüvvələrə xidmət edən bu qüvvələr bir dəfə də qeyd etmək istəmir ki, Ukraynaya bütün dünya dəstək verir. Azərbaycanın yaxın dostu Ukraynaya bu gün Avropa ölkələri, eləcə də beynəlxalq təşkilatlar maddi, mənəvi, siyasi, hərbi, maliyyə dəstəyi ardıcıl olaraq davam etdirir. Qocaman Rusiya ilə Azərbaycanı müqayisə etmək ya savadsızlıqdan, ya düşmənçilikdən ya da ki, ara qarışdırma cəhdindən irəli gəlir. Azərbaycan bir milyon qaçqını və köçkününün problemini tək başına həll etdi. Bu gün işğaldan azad olunmuş torpaqlardakı quruculuq işlərində Avropa və ya beynəlxalq təşkilatlar susqun və fəaliyyətsizdir. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistandan başqa heç kəs səsini çıxarmadı. Sözsüz ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi Azərbaycan xalqı var olduqca, qiyamətədək unudulmayacaq".
Məlahət İbrahimqızının fikrincə, ölkəmizdə qısa müddət ərzində şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, eləcə də sosial problemlərin həlli ilə bağlı çox böyük işlər görülüb və bu proses davam edir:
"Qəhrəman oğullarımıza hər birimiz, eləcə də dövlətimiz borcludur və dövlətimiz ildən-ilə onlara diqqətini daha da artıracaq. Ermənipərəst qüvvələrin köləsi olan bu qüvvələr əvvəlcə Azərbaycanın Yaxın Şərq kimi xarabazara çevrilməsinə çalışdılar. Ukrayna-Rusiya müharibəsi başlayandan bu günədək yazdıqları statuslarda yenə də ölkəmizdəki inkişafı və vətəndaş həmrəyliyini, əmin-amanlığı pozmaq üçün dəridən-qabıqdan çıxmaq istəyi və niyyəti aydın görünür. Bu qüvvələrin intellekti hələ də küçə səviyyəsindədir. Naftalin qoxusu verən bu qüvvələr hələ də dünyada baş verən qlobal geosiyasi prosesləri anlamırlar. Bəlkə də anlamaq istəmirlər. Əslində onlar çox gözəl dərk edirlər ki, müdrik Azərbaycan xalqı 1993-cü ildən öz yolunu və seçimini etmiş, bu yola da sadiqdir. Azərbaycan xalqı, onun müzəffər ordusu 44 günlük Vətən müharibəsi vaxtı bir daha öz sədaqətini, birliyini və həmrəyliyini göstərdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona arxa, dayaq olaraq, birliyi sübut edib, dünyaya bəyan etmişik".