Modern.az

Brüssel görüşü İlham Əliyevin liderliyinin təsdiqidir

Brüssel görüşü İlham Əliyevin liderliyinin təsdiqidir

Aktual

10 Aprel 2022, 20:00

“Bu gün Avropa İttifaqının (Aİ) əsas maraqlarından biri də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycanın bu istiqamətdə apardığı siyasət Aİ tərəfindən dəstəklənir və alqışlanır. Xüsusilə, Aİ Azərbaycanla Ermənistan arasında mövcud problemlərin tezliklə həll olunması və tərəflər arasında sülh sazişinin imzalanması yönündə aparılan işlərə daim öz dəstəyini ifadə edir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü də məhz bu cür qiymətləndirmək olar”.

 

Bu fikirləri Modern.az-a millət vəkili Aydın Hüseynov aprelin 6-da Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilən görüşünü şərh edərkən deyib. 


Onun fikrincə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən sonra bölgədə yeni reallıqlar yaradıb və nəzərə alınsa ki, dünyada cərəyan edən  proseslər də artıq yeni reallıqların yaranmasına şəraitlər yaradır, bu xüsusda atılan hər bir addım həmin reallıqlarla ayaqlaşmaq zərurətini ortaya qoyur: 

 

“Son proseslər isə göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəmi, reallıqları qəbul edir və etiraf edir ki, rəsmi Bakının sülh çağırışları regionun sabitliyinin əldə olunması üçün çox vacibdir. Artıq sözügedən reallıqlarda biz bir sıra amilləri müşahidə etdik. Misal üçün, Minsk qrupunun danışıqlar prosesindən kənarlaşdırılması, “Dağlıq Qarabağ” ifadəsinin aradan qaldırılması, habelə Qarabağda Azərbaycan Ordusunun dislokasiya aparmasının məhz Bakının daxili  işi kimi qiymətləndirilməsi bu xüsusdandır”. 

 

Aydın Hüseynovun sözlərinə görə, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır və həmin mexanizmin əsas məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, nəhayət ki, regionda sülhün bərqərar olması, iqtisadiyyatın yaradılması və sairdən ibarətdir: 

 

“Daha bir vacib məqam budur ki, hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın  Avropa İttifaqına etimadları mövcuddur və Aİ bu etimadını doğrultmaq üçün əlində olan bütün imkanlarından maksimum şəkildə istifadə etmək qərarını verib. Xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları da mühüm olaraq vurğulanmaldır. Fakt budur ki, Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur və bu Liderlik Aİ kimi mötəbər qurumda da etiraf edilir”. 

 

“Artıq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi qərarı verilib və bu qərar da mühüm hadisələrdəndir. O cümlədən, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu yalnız indi deyil, dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərib” - deyən deputat bildirib ki, görüşdə əldə olunmuş razılığa əsasən, ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcəklər: 

 

“Beləliklə, Brüssel görüşündə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar da ortaya qoyulub. Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi və isbat etdi ki, Azərbaycan daimi sülhün, təhlükəsizliyin tərəfdarı olması ilə yanaşı, həm də əldə ediləcək razılaşmalardan sonra qarantı kimi də çıxış edəcək. Ölkəmiz Cənubi Qafqazın lider dövləti kimi dəyərləndirirsə, əlbəttə yaxın gələcəkdə bütün mühüm layihə və təkliflər də məhz Bakının iradəsi əsasında qiymətləndiriləcək. Brüssel görüşü isə büyün bu gerçəklikləri kifayət qədər ehtiva etməkdədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə