Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Müzakirələrdən sonra hər iki məsələ səsə qoyularaq qəbul edilib. Bununla da Elman Rüstəmov Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad olunub.
Modern.az xəbər verir ki, 27 il baş bankir vəzifəsini tutan Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.
E.Rüstəmov 1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olub. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyub.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib.
1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb. 1986-cı ildən iqtisad elmləri namizədidir.
1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb. 1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.
1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının Sədri vəzifəsinə təyin edilib.
2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib. Dünya Bankının Azərbaycan üzrə sədridir.
E.Rüstəmov 2015-ci ilin aprelində növbəti dəfə 5 il müddətinə Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib.
Ailəlidir. 3 övladı var.