"Bu gün, 11 apreldə xalqın böyük etimadı ilə cənab İlham Əliyevin dördüncü dəfə prezident seçilməsinin dördüncü ili tamam olur. Yola saldığımız son 4 il ölkəmizin və xalqımızın həyatında unudulmaz hadisələrlə zəngin olub. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın geniş islahatlar dönəminə qədəm qoyduğunun anonsunu vermişdi. Son dörd ildə Azərbaycan ölkə başçısının qeyd etdiyi kimi islahatlar dövrü kimi yadda qaldı".
Bu sözləri Modern.az-a açıqlamasında deputat Azər Badamov deyib. Deputat bildirib ki, islahatlar hakimiyyətin bütün qollarını əhatə edib:
"Geniş struktur islahatları həyata keçirilməklə dövlət strukturunda çalışanların tərkibi gəncləşdirildi. Ölkəmizdə korrupsiyaya qarşı tədbirləri dərinləşdi və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində daha ciddi addımlar atıldı. Təbii ki, görülmüş işlərin əhatə dairəsinin genişlənməsi və əldə etdiyimiz iqtisadi uğurlar dünyanı sınağa çəkmiş qlobal pandemiyaya qarşı uğurla mübarizə aparmağımıza yol açdı. Cənab Prezidentin rəhbərlik etdiyi son dörd ildə Azərbaycana dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edilməsinə etimad göstərildi. Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının işinə yeni impuls verdi və dünyanı narahat edən məsələlərin həll edilməsinə verdiyi töhfələri ilə yeni bir imic formalaşdırdı.. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində Qlobal Pandemiyaya qarşı mübarizədə həmrəyliyin göstərilməsi və vaksin millətçiliyinə yol verilməməsi ilə əlaqədar BMT-yə Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı müraciət etdi. Məhz müraciətimiz sayəsində BMT-nin xüsusi sessiyası keçirildi və dünya üçün mühüm qərarlar qəbul olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi müstəqilliyinə qovuşdu və bu da siyasi müstəqilliyimizin təminatçısı oldu".
Azər Badamovun fikrincə, Azərbaycanın artan iqtisadi gücü, ölkədəki milli həmrəylik, beynəlxalq arenadakı ədalətli mövqeyi və qazandığı nüfuzu 30 il erməni işğalı altında qalmış torpaqlarımızın işğaldan azad etməyimizə yol açdı:
"Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi döyüş taktikası dünya hərb sahəsi üçün bir yenilik oldu. Müharibə dövründə və postmüharibə dönəmində Prezident İlham Əliyevin xarici və daxili mediya nümayəndələrinə verdiyi çox məntiqli və tarixi faktlara əsaslanmış müsahibələri informasiya müharibəsində də Azərbaycanı qalib ölkəyə çevirdi. Postmüharibə dövründə dövlət başçıları arasında keçirilən üçtərəfli görüşlərdə imzalanmış bəyanatlar Azərbaycanın təqdim etdiyi əsas prinsiplər əsasında qurulmuş və bu da yaratdığımız yeni reallığın beynəlxalq aləmin qəbul edilməsi deməkdir. Son 4 il Azərbaycan diplomatiyası üçün uğur illəri olub. Prezident İlham Əliyevin siyasəti ilə formalaşmış Azərbaycanın gələcəyə baxışları regionda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın formalaşmasına əsaslanıb.
2020-ci ilin dekabrında Azərbaycanın təşkilatçılığı ilə açılışı olmuş Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında əvəzsiz rola malikdir. Avropanın təbii qazla təminatında ziddiyyətlərin dərinləşdiyi bir dövürdə Azərbaycan qazı bu qitənin yeni ümid yerinə çevrilib. Azərbaycan beynəlxalq arenada özünü etibarlı və layiqli tərəfdaş olduğunu sübut edib.
Beləliklə, qeyd etmək istəyirəm ki, 11 apreldə keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə yenidən səs verməklə müstəqil, inkişaf etmiş və qalib Azərbaycana səsini vermiş oldu".