Modern.az

Qırğızıstanla Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə tarixi hadisədir

Qırğızıstanla Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə tarixi hadisədir

21 Aprel 2022, 13:57

Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə və daha 9 sənəd imzalanması, dövlətlərarası münasibətlərin  yeni və daha yüksək bir müstəviyə daşınması təkcə iki ölkənin deyil, bütövlükdə Türk Dünyasının gələcəyi baxımından mühüm tarixi hadisədir.

 

Bu sözləri Modern.az  saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

A.Kərimli qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan sənədlərdən ikisi - Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum, dövlətimizin başçısının da qeyd etdiyi kimi qarşılıqlı münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək: “Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər effektli və fəal surətdə müntəzəm müzakirə olunacaq ki, bu da öz növbəsində qarşılıqlı əlaqələrin daha intensivləşməsinə, inteqrasiya prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”.

 

Azər Kərimli Azərbaycanla Qırğızıstanı bütün digər qardaş dövlətlər kimi ortaq tarixin, mədəniyyətin və mənəvi köklərin birləşdirdiyini və yalnız liderlərin strateji düşüncəsi, uzaqgörənliyi nəticəsində bu amillərin qarşılıqlı münasibətlərin inkişafına təkan verən faktorlara çevrildiyini vurğulayıb: “Dünyada ortaq tarixə, mənəvi və mədəni dəyərlərə sahib olan xalqların sayı kifayət qədərdir. Amma onların böyük əksəriyyəti bu dəyərləri dövlətlərarası münasibətlərdə birləşdirici faktora çevirə bilmirlər. Bu gün türk dövlətləri arasında qarşılıqlı əlaqələrin genişlənməsində Azərbaycan mühüm rol oynayır. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti də mətbuat üçün bəyanatında bu məqamlara xüsusi diqqət çəkdi və qeyd etdi ki, mürəkkəb dövrlərdə yalnız Azərbaycan Prezidenti kimi güclü liderlər öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyəti öz üzərilərinə götürməyi bacarırlar. Məhz onların sayəsində bu gün türk məkanında ləyaqət və şərəf kimi əzəli türk dəyərlərinin üzərindən yeni münasibətlər formalaşır və bu münasibətlər bütün dünyada yeni dövrün dövlətlərarası qarşılıqlı əlaqələrinin nümunəsinə çevrilir”.

 

Deputat qeyd edib ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə yüksəldilməsi türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək, qarşılqlı əlaqələrin bütün istiqamətlərdə genişlənməsinə öz töhfəsini verəcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu