Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "12-ci İmam" kimi təqdim edərək dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər vəsatət qaldıraraq məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər.
Hakim bildirib ki, saytlarda məhkəmədə dindirilməyən zərərçəkmişin ifadəsi yayılıb, onun ifadəsi məhkəmə iclasında dindirilməmiş kimi qeyd olunub.
Daha sonra hakim vəsatəti müzakirəyə çıxarıb. Zərərçəkmişlər məhkəmə iclasının tam qapalı keçirilməsini istəyiblər.
Təqsirləndirilən şəxsin vəkil Əli Hüseynov bildirib ki, prosesin qapalı keçirilməsi qanunsuzdur, media azadlığının pozulması deməkdir. Təqsirləndirlilən şəxs də prosesin qapalı keçirilməsinə etiraz edib. Hakim vəsatəti təmin etməyib.
Daha sonra hakim zərərçəkmiş Daşqın Aslanova ifadə verməyi təklif edib. O isə açıq məhkəmə iclasında ifadə verməkdən imtina edib. Bu zaman prokuror prosesin qapalı keçirilməsini, zərərçəkmişin qapalı iclasda dindirilməsini deyib.
Bu səbəbdən hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib və jurnalistlər zaldan çıxarılıb.
Hazırda proses qapalı davam edir.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.