Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətov son mənzilə yola salınıb.
Modern.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıcılıq istiqamətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub.
Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib. 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.
Azərpaşa Nemətov dünən 76 yaşında ürəktutmasından vəfat edib.