Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Alim Bayel bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az yeni səfirin tərcümeyi-halını təqdim edir.
A.Bayel 1984-cü ildə Cambıl rayonunun Taraz şəhərində anadan olub. Orta Doğu Texniki Universitetini (Ankara, Türkiyə) biznesin idarə edilməsi, Corc Vaşinqton Universitetini (Vaşinqton, ABŞ) dövlət idarəçiliyi ixtisası üzrə bitirib. O, qazax dili ilə yanaşı, ingilis, rus, türk və azərbaycan dillərini mükəmməl bilir. Eyni zamanda, Qazaxıstanın nüfuzlu “Bolaşak” Dövlət Proqramının məzunudur. Diplomatın adı Tokayevin 2019-cu ildə yaratdığı Prezidentin Gənc kadrlar bazası siyahısında da yer alıb.
2012-2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru, 2018-2020-ci ildə Qazaxıstan Respublikasının Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi, 2020-ci ilin mart ayından 2023-cü ilin aprel ayına qədər Qazaxıstan Respublikasının İstanbuldakı baş konsulu işləyib.
Evlidir, bir qızı var.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov olub.