Modern.az

İranla münasibətlərin normallaşmasında maraqlıyıq, ancaq... - Deputat

İranla münasibətlərin normallaşmasında maraqlıyıq, ancaq... - Deputat

Aktual

19 Aprel 2023, 11:20

Məlum olduğu kimi, Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkə son günlər Xarici İşlər Nazirliyi səviyyəsində bir neçə dəfə telefon danışığı aparıb. Bu, iki ölkə arasındakı gərginliyin yumşala bilməsindən xəbər verir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır.

“Azərbaycan bununla bağlı fikirlərini dəfələrlə ifadə edib, real addımlar atıb və bunu İran tərəfindən də hər zaman gözləyib. Hər birimiz Prezident Əliyevin Vətən müharibəsindəki qələbədən sonra Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpüsünə tərəf uzadaraq, onu “dostluq körpüsü”  adlandırdığını yaxşı xatırlayırıq”. 

Deputat bildirib ki, münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür:

“Təəssüflə qeyd etmək lazımdır ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı - Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, “Kərimə dövləti”nin qurulması haqda cəfəngiyyatları, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir. Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. O videolar deyərdim ki, son günlər daha da kəskin xarakter alıb”. 


C.Məmmədovun sözlərinə görə, İran münasibətlərin normallaşmasını istəyirsə, bu cür çağırış və qrupların qarşısını almalıdır.

“Həmin qrupların müstəqil olmadığı, kimin tərəfindən maliyyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara son qoymalıdır. Bu dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir. Əgər İran düşünürsə ki, bir tərəfdən Xarici İşlər Nazirliyi münasibətlərin normallaşması ilə bağlı Azərbaycana mesaj verəcək, digər tərəfdən ölkəmizə qarşı emissarları və maliyyələşdirdiyi qruplar vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcək, bu səhv yanaşmadır - o zaman münasibətlərin yaxşılaşması çətin olacaq.

Münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir. İranda təhsil alan azərbaycanlılar tərəfindən yaradılmış İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görünür. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq”, - deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!