Payız fəslində təbiətin, havanın dəyişməsi insanların səhhətinə də təsir göstərir. Müxtəlif virus və bakteriyalar aktivlik göstərir və xəstəliklər yayılır.
İnfeksionist-hepatoloq Mərdan Əliyev Modern.az-a açıqlamasında payız mövsümündə daha çox yuxarı tənəffüs yolu xəstəliklərinə rast gəlindiyini bildirib.
“Biz buna kəskin respirator virus infeksiyaları deyirik. Bu xəstəliklər daha çox hava-damcı yolu ilə yayılır, əsasən payız və qış mövsümü xəstəlikləridir. Belə xəstəliklərin içərisinə qrip və bizim bildiyimiz pandemiyaya səbəb olan COVİD-19 virusu da daxildir. COVİD-19-dan sonra ən ağırı qrip infeksiyasıdır. Digər kəskin respirator virus infeksiyaları, yəni yuxarı tənəffüs yolu infeksiyaları adətən ciddi fəsadlar törətmir”.

Mərdan Əliyev qripin çox ağır fəsadları ola biləcəyini qeyd edib.
“Qrip pnevmoniya, ensefalit, sinüzit kimi fəsadlar törədir. Bu ağırlaşmalar hətta ölümə də səbəb ola bilir. Bu əlamətlər COVİD-19-da da müşahidə edilir.
Əsasən yaşlı, 65 yaşdan yuxarı şəxslər, eni zamanda başqa xəstəliyi də olanlar üçün təhlükəli hesab olunur. Kəskin respirator virus infeksiyaları ağciyər xəstəlikləri törədə bilir. Bu viruslarla yanaşı, ağciyər xəstəlikləri olan insanlarda ağırlaşmalar müşahidə olunur. Qaraciyər sirrozu, revmatik xəstəliyi olanlar üçün risklidir.
Belə şəxslər peyvənd vasitəsilə qorunmalıdır. Həm COVİD-19, həm qrip üçün payız mövsümündə peyvəndlər var. Peyvənddən başqa da bu xəstəliklər hava-damcı yolu ilə yoluxduğuna görə tənəffüs yollarını qoruyan maskadan istifadə etmək lazımdır”.
Psixoloq Gülnar Orucova payızda müxtəlif psixoloji xəstəliklərin yarana biləcəyindən söz açıb:

“Payızda daha çox insanlarda depressiya halları baş verir. Buna fəsil depressiyası, yaz-payız depressiyası da deyirlər. Depressiya bütün fəsillərdə ola bilir, amma payız depressiyası daha ağır olur. Xoşbəxtlik hormonu olan serotonin var. Biz bunu daha çox günəşdən, şirin qidadan, bəzi meyvə-tərəvəzlərdən alırıq. Yaydan sonra meyvə-tərəvəz və günəş enerjisi nisbətən azalır. Biz bəzi insanlara məhz günəşdən enerji alanlar deyirik. Göydə günəş olanda çox xoşbəxt olurlar. Həmin insanların depressiv xəstəliklərə tutulmağı daha çox olur. Eləcə də vitamin və minerallarla zəngin olan meyvə və tərəvəzlərin azalması bədənimizdə də müəyyən çatışmazlıqlar yarada bilər və biz yuxarı tənəffüs yolları xəstəliklərinə, qripə yoluxa bilər, immunitet sistemimizin zəifləməsinə və bundan yaranan bir çox xəstəliklərə yoluxa bilərik”.