Modern.az

Əliyevlə Paşinyanın ayaqüstü söhbəti, fransız diplomatların qovulması - İCMAL

Əliyevlə Paşinyanın ayaqüstü söhbəti, fransız diplomatların qovulması - İCMAL

Aktual

27 Dekabr 2023, 10:44

Dünənin əsas hadisələri Sankt-Peterburqdakı qeyri-rəsmi MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı ayaqüstü söhbət, gələn ilin dövlət büdcəsinin, ehtiyac meyarı və yaşayış minimumunun təsdiqlənməsi, 2 fransalı diplomatın "arzuolunmaz şəxs" elan olunması, seçkilərdə daha 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi və digər xəbərlərdir.

 

Modern.az 26 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.

 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə İlkin Süleymanovun vəkilləri çıxış edərək İlkin Süleymanova oxunan hökmün qərəzli olduğunu, bir daha həmin hökmün dəyişdirilməsini istəyiblər. Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin olunub.

 

Milli Məclisə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi daxil olub. Qanun layihəsinə görə, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılır.

 

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb.

 

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Görüşdə həmçinin, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.

 

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Onun Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.

 

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbəti olub. Ermənistan hökuməti tərəflər arasında təmasların olduğunu açıqlayıb. Liderlər ayaqüstü söhbət zamanı sülh gündəmindəki məsələləri müzakirə ediblər. Qeyd edək ki, görüş qeyri-rəsmi formatda baş tutub.

 

Rusiyada 33 namizəd prezident seçkilərində iştirak etmək niyyətini bəyan edib.

 

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd edilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

 

Növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha səkkiz nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. MSK həmçinin onların səlahiyyətli nümayəndələrini də qeydə alıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı 500 min ukraynalının səfərbər edilməsi planları ilə bağlı bəyanatları şərh edib. Bundan əvvəl prezident Volodimir Zelenski və Ali Radadakı hakim fraksiyanın rəhbəri David Araxamiya belə planlar barədə danışıblar. Zalujnı telemarafon zamanı qeyd edib ki, hərbi komandanlıq heç bir rəqəm üçün hakimiyyətə bir dəfə də olsun müraciət etməyib. Onun sözlərinə görə, Baş Qərargah mütəmadi olaraq sorğular hazırlayır: "Lakin biz Nazirlər Kabinetinə və ya Ali Radaya belə sorğular göndərmirik”. “Bu rəqəmə gəlincə, biz onu gələn il üçün formalaşdırmışıq. Bu, təbii ki, hazırkı komplektin əhatə dairəsini, yeni hərbi hissələrin formalaşdırılmasını, həmçinin 2024-cü ildəki itkilərimizi proqnozlaşdırır. Bu göstəricilərin hər biri ilə bağlı rəqəmlər deyə bilmərəm. Bu, hərbi sirrdir”, - Zalujnı əlavə edib.

 

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Siyasi partiyalar seçkilərdə kimi DƏSTƏKLƏYƏCƏK...

 

Kissincerdən Deniz Baykala: 2023-cü ildə həyatla vidalaşan dünya MƏŞHURLARI

 

"Arayik dedi ki, mən özümü artıq Azərbaycan vətəndaşı hesab edirəm” - Komitə sədri

 

MDB liderlərinin qeyri-rəsmi sammitindən FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə