Modern.az

Millətlər arasında sülh üçün müəyyən addımlar atılmalıdır - ŞƏRH

Millətlər arasında sülh üçün müəyyən addımlar atılmalıdır - ŞƏRH

20 Sentyabr 2024, 16:42

Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir. İndiyə qədər olan vəziyyət onu göstərir ki, sülhə olduqca yaxın durumdayıq. Lakin Ermənistanda bəzi revanşist qüvvələrin, qisas fikirlərinin olması proses ləngidir. Bu isə dövlətlər arasında sülhün bağlanmasından sonrakı vəziyyətə şübhə yaradır. Çünki hələ də Ermənistan konstitusiyasındakı ərazi iddiaları aradan qaldırılmayıb və revanşistlər xalqı aldatmaqla məşğuldur.

 

Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, millətlər arasında sülhün yaranması prosesin uzunömürlü və dayanıqlı olması üçün vacibdir:

 

"Xarici qüvvələrin regiondakı maraqları məhz Ermənistan üzərindən həyata keçirilməkdədir. Bu da istənilən halda sülh prosesini uzadır. Sülh müqaviləsi imzalansa da, dövlətlər arasında yaranacaq müəyyən normallaşma prosesi davamlı və dayanıqlı olmalıdır.  Bunun üçün millətlər arasında bu proseslərin normallaşması üçün müəyyən addımlar atılmalıdır. İlk növbədə vətəndaş cəmiyyətində təmsil olunan şəxslər arasında dialoq formalaşdırlmalıdır ki, onlar mövcud problemləri həll edə və müxtəlif layihələr çərçivəsində görüşərək vahid Cənubi Qafqaz ailəsi üçün müəyyən addımlar ata bilsinlər. Bunun davamı olaraq, mütləq parlament diplomatiyası işə düşməlidir. Parlamentarilər arasında da dialoq yaradılmalıdır. Elm və mədəniyyət adamları arasında da düşünürəm ki, müxtəlif platformalarda görüşlər keçirilməlidir. Eyni zamanda Azərbaycan və Ermənistanın üzv olduğu təşkilatlarda da bu cür görüşlər, dialoqlar formalaşdırılmalıdır. Bu ritorikanın dəyişilməsi və yanaşmalarda müxtəlif dəyişikliklərin olması üçün lazımlıdır. Belə olan halda biz dövlətlərarası yaxınlaşma ilə yanaşı, millətlərarası yanaşmanı da əldə edə bilərik".

N.Həmzəyev onu da vurğulayıb ki, bunun üçün Ermənistan tərəfi səmimi olmalıdır:

 

"Bir daha təəssüflə qeyd edirəm ki, Ermənistanın bu proseslərdə səmimi olduğu görünmür. Ermənistanda revanşist fikirlər, qisas ritorikası hələ də davam etdirilir. Bu baxımdan düşünürəm ki, Ermənistan daha çox canfəşanlıq etməli, səhvlərini etiraf edib, düzəltməlidir. Törətdikləri soyqırımı və qırğınlara görə Azərbaycandan üzr istəməlidirlər. Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidirlər. Bütün bunlarla yanaşı 30 ildə Azərbaycana vurduqları ziyanın təzminatını ödəməlidirlər. Ermənistanın səmimi olduğuna, həqiqətən sülh istədiyinə və bir daha Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcəyinə əmin olmalıyıq. Düşünürəm ki, bu yanaşmalar dəyişdiyi zaman hər şey düzələcək. Çünki biz həmişə sülhün tərəfdarı olmuşuq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır