Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.09.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 18167 nəfərdən ibarət 4591 ailənin qayıdışı təmin edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 36012 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib.
Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya partiyaların öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib.
Bəs hakim Yeni Azərbaycan Partiyası (YAP) nə zaman Qarabağ və Şərqi Zəngəzurda yerli təşkilatını quracaq?
Modern.az-a açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü Azər Badamov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda partiya təşkilatının yaradılması siyasi partiyaların istəyi ilə olmur:
“Siyasi partiyaların yerli təşkilatları həmin partiyaya üzv olmaq istəyən şəxslər olduğu təqdirdə yaradıla bilər. Yeni Azərbaycan Partiyası 745 minə yaxın üzvünü birləşdirən regionun ən böyük siyasi gücüdür. YAP-ın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan inzibati rayonların yerli təşkilatları və kifayət qədər keçmiş məcburi köçkün üzvümüz var. Həm də işğaldan azad olunmuş ərazilərə məskunlaşma genişləndikcə, yerli partiya təşkilatlatlarının da həmin ərazilərə köçürülməsi baş tutacaq”.
A.Badamov vurğulayıb ki, YAP-ın işğaldan azad olunmuş ərazilərə köçürüləcək ilk yerli təşkilatı Xənkəndi şəhərində olacaq:
“Bu gün ən çox məskunlaşmanın həyata keçirildiyi şəhər Xankəndidir. Xankəndində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bu baxımdan YAP-ın işğaldan azad olunmuş ərazilərə köçürüləcək ilk yerli təşkilatının Xənkəndi şəhərində olacağını hesab edirəm. Azərbaycan dövləti YAP-ın iqtidarda olmasıyla torpaqları işğaldan azad edərək 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramını uğurla həyata keçirir. Partiyamız xalqın etimadını qazanıb və qazanılmış nailiyyətlər işğladan azad olunmuş ərazilərdə yeni üzvlərimizin sırasının genişlənməsinə yol açacaq”.