Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) təsdiq edilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq hazırlanıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıda qeyd edilən hədəflərə nail olunması nəzərdə tutulur:
-hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət göstəricilərin əldə edilməsi;
-narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi;
-beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər çərçivəsində effektiv əməkdaşlığın təmin edilməsi;
-narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində səmərəliliyin artırılması;
-narkomaniya xəstəliyindən azad olan şəxslərin cəmiyyətə inteqrasiyasını və məşğulluğunu hədəfləyən layihələrin həyata keçirilməsi;
-uşaq və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verilməsi.
Dövlət Proqramının Tədbirlər Planında aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-Təşkilati tədbirlər
-Qanunvericiliyin təkmilləşdirilməsi
-Beynəlxalq tədbirlər
-Profilaktika və maarifləndirmə tədbirləri
Təşkilati tədbirlər üzrə - narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması, narkomanlığın yayılma dərəcəsinin müəyyən edilməsi məqsədilə sosial araşdırmaların aparılması, narkotik istifadəçiləri və onların yaxınları üçün onlayn məsləhətləşmələrin aparılması məqsədilə klinik (tibbi) psixoloq və həkim-narkoloqlardan ibarət virtual dəstək mexanizminin yaradılması, narkotik asılılıqdan əziyyət çəkən şəxslərin müalicə prosesində tətbiqi üçün psixoloji dəstək proqramlarının hazırlanması, beynəlxalq təcrübədən istifadə etməklə, əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminar və interaktiv təlimlərin və digər tədbirlərin həyata keçirilməsi;
Qanunvericiliyin təkmilləşdirilməsi üzrə - narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, vətəndaşların narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmini üçün qanunvericiliyə dəyişiklik edilməsi, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri, vəzifələri üzrə əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatla bağlı arayışın tələb olunması və bu hallarla bağlı inzibati məsuliyyətin müəyyən edilməsinə dair Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi;
Beynəlxalq tədbirlər üzrə - Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində imzalanmış beynəlxalq müqavilələrin öhdəliklərinin effektiv icrasının təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, beynəlxalq konfranslarda, seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakının təmin edilməsi və digər tədbirlərin keçirilməsi;
Profilaktika və maarifləndirmə tədbirləri üzrə - narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin artırılması məqsədilə həmin tədbirləri icra edənlərin peşəkarlığının yüksəldilməsi üzrə təlimlərin keçirilməsi, rayon və şəhərlərdə müxtəlif mövzularda seminar, konfrans, interaktiv təlim və digər tədbirlərinin keçirilməsi, həmçinin idman yarışlarının təşkili, narkomanlıq xəstəliyindən azad olan şəxslərin əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarına çıxışının təmin edilməsi, media subyektlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri barədə televiziya və radio proqramlarının təşkili və məqalələrin dərci, ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimatın işlənib hazırlanması, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı teatr tamaşalarının, sənədli filmlərin və təbliğat xarakterli maarifləndirici əyani vəsaitlərin hazırlanması, habelə digər tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.