Modern.az

Aliment Fondu yaradılır? - Deputatdan REAKSİYA

Aliment Fondu yaradılır? - Deputatdan REAKSİYA

Aktual

18 Sentyabr 2025, 17:24

Aliment Fondunun yaradılması təşəbbüsü ilk növbədə cəmiyyətimizdə mövcud olan sosial ədalət tələbindən və ailə institutunun möhkəmləndirilməsi ehtiyacından irəli gəlir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

Onun sözlərinə görə, təcrübələr göstərir ki, aliment ödənişlərində ciddi problemlər mövcuddur.

“Bəzi valideynlər alimenti ödəməkdən yayınır, digərləri isə maddi imkansızlıq səbəbindən öhdəliklərini yerinə yetirə bilmir. Bu isə birbaşa uşaqların hüquqlarına və sosial rifahına mənfi təsir göstərir”.

Millət vəkili bildirib ki, Fondun yaradılması qanunvericilik səviyyəsində dəstəklənə biləcək mühüm sosial layihədir:

“Bu mexanizm vasitəsilə aliment məbləği uşağa dövlət tərəfindən vaxtında ödəniləcək, daha sonra isə həmin vəsait aliment ödənişindən yayınan şəxsdən tutulacaq. Bu model artıq bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur və özünü doğruldub.

Hazırda aliment ödənişlərinin gecikdirilməsi, alimentdən yayınma hallarının çoxluğu, məhkəmə qərarlarının icrasında çətinliklər və nəticə etibarilə uşaqların sosial təminatının zəifləməsi ən böyük problemlərdən hesab olunur”.

R.Nurullayev qeyd edib ki, Fondun təsis edilməsi bu problemləri əhəmiyyətli dərəcədə azalda bilər:

“Çünki uşaq artıq valideynin alimenti ödəyib-ödəməməsindən asılı olmayacaq, təminatını vaxtında alacaq. Alimentdən yayınan şəxslər isə dövlətin hüquqi və inzibati mexanizmləri vasitəsilə məsuliyyətə cəlb olunacaqlar”.

Deputat həmçinin Aliment Fondunun yaradılmasının üstünlüklərinin  çox olduğunu da diqqətə çatdırıb:

“İlk növbədə uşaqların sosial rifahı və hüquqları daha etibarlı qorunacaq. Bununla yanaşı, alimentdən yayınma halları azalacaq, dövlətin ailə siyasətinə ictimai etimad daha da güclənəcək və ailə dəyərlərinin möhkəmləndirilməsinə mühüm töhfə veriləcək.

Ümumilikdə, Aliment Fondunun yaradılması həm uşaqların maraqlarını qoruyan, həm də aliment ödənişlərinin effektiv icrasını təmin edən çox vacib sosial addım olacaqdır”,- deyə R.Nurullayev fikrini tamamlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi