Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.
Müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər.
Roş ha-Şana yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzidir. Bu əziz gündə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"