Modern.az

İctimai nəqliyyatın təşkilində ciddi yeniliklər olacaq

İctimai nəqliyyatın təşkilində ciddi yeniliklər olacaq

Aktual

23 Sentyabr 2025, 15:00

Prezident İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ölkənin ictimai nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm bir mərhələdir. Bu sənəd yalnız inzibati qərar deyil, eyni zamanda iqtisadi alətlərin və hüquqi mexanizmlərin sinxron şəkildə tətbiqi ilə daşıyıcı sektorun keyfiyyətcə yeni müstəviyə keçməsini hədəfləyir. 

Fərmana əsasən, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Fondun əsas maliyyə mənbələri yanacağa görə yol vergisi və Bakı şəhərində 2027-ci ildən tətbiq ediləcək ödənişli hərəkət zonalarından daxilolmalardır. Bu vəsaitlər ictimai nəqliyyatda fəaliyyət göstərən daşıyıcılara subsidiyalar formasında yönəldiləcək.

Subsidiyalar yalnız müəyyən texniki və inzibati tələblərə cavab verən daşıyıcılara şamil olunacaq. Xüsusilə sıxılmış təbii qazla və ya elektriklə işləyən avtobuslara üstünlük veriləcək. Gəncə şəhəri üçün əlavə olaraq 2025-dən sonra istehsal olunmuş dizel avtobuslar da uyğun sayılır.

Fərmanda öz əksini tapan əsas yeniliklərdən biri məsafə əsaslı avtomobil nəqliyyatı xidməti modelidir. 2026-cı ildən başlayaraq, daşıyıcılara göstərdikləri xidmətə görə yaranan xərclə sərnişinlərdən toplanan vəsait arasında mənfi fərq Fond hesabına subsidiyalaşdırılacaq.

Bu mexanizm bir neçə strateji nəticə doğuracaq. Belə ki, iqtisadi cəhətdən zərərli, lakin sosial baxımdan vacib marşrutlar qorunacaq. Bazarın tənzimlənməsi dövlət nəzarəti ilə aparılacaq. Daşıyıcılar xidmətin keyfiyyətinə fokuslana biləcəklər, çünki gəlir sabit olacaq. Bu, həm sosial əhəmiyyətli marşrutların qorunmasına, həm də daşıyıcıların maliyyə risklərinin azalmasına xidmət edir.

Yeni mexanizm daşıyıcılarla rəsmi müqavilə əsasında əməkdaşlıq qurulmasını, xidmətin keyfiyyətinə və şəffaf idarəetməyə nəzarətin artırılmasını nəzərdə tutur. Beləliklə, dövlət və özəl sektor arasında ictimai nəqliyyatda yeni əməkdaşlıq modeli formalaşır. Daşıyıcılarla dövlət arasında xidmətin hüquqi bazası xüsusi müqavilələrlə tənzimlənəcək. Bu müqavilələrdə tərəflərin öhdəlikləri, xidmət standartları və subsidiyanın hesablama qaydaları əks olunacaq. Beləliklə, xidmətlər rəqabət əsasında, lakin dövlət nəzarəti və maliyyə dəstəyi ilə həyata keçiriləcək. Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.

Ümumilikdə, fərmanla Azərbaycan dövləti ictimai nəqliyyatı strateji iqtisadi və sosial prioritet kimi müəyyən edir. Fondun yaradılması, subsidiya mexanizmləri və texniki tələblərin dəqiq formalaşdırılması dövlət-özəl tərəfdaşlığına əsaslanan yeni idarəetmə modelinin əsas sütunlarıdır. Fərman nəqliyyat sektorunun tənzimlənməsi və inkişafı üçün konkret hüquqi baza və maliyyə təminatı yaradır. Bu islahatlar nəticəsində ölkəmizdə daha ekoloji, davamlı və sərnişin yönümlü ictimai nəqliyyat sistemi qurula bilər.

Çinarə Ağayeva 
Biznes məsləhətçi

1463820

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək