Prezident İlham Əliyevin sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında yanında olan qız uşağı çoxlarının diqqətini çəkib.
Modern.az xəbər verir ki, bu qız Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyevadır. 2020-ci il oktyabrın 11-də Gəncə şəhərinə “TOÇKA-U” raket sistemindən atılan zərbə nəticəsində Nilayın atası Adil Əliyev hadisə yerində, anası Günay Əliyeva isə bir gün sonra həlak olub. Həmin vaxt Nilayın hələ iki yaşı tamam olmamışdı.
Nilay hazırda YAŞAT Fondunun dəstəyi ilə özəl orta təhsil müəssisəsində təhsil alır. Fond onun adına 5000 AZN məbləğində depozit də yerləşdirib. Bu vəsaiti Nilay yalnız 16 yaşı tamam olduqdan sonra istifadə edə biləcək.
Qeyd edək ki, Gəncə raket hücumları nəticəsində ümumilikdə 26 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və yaşayış binalarına ciddi ziyan dəyib. Ermənistanın müharibə cinayətləri nəticəsində həyatını itirənlər arasında qadınlar və uşaqlar da var idi.