Modern.az

Azərbaycan–İsrail münasibətləri: Susulanlar və qınananlar

Azərbaycan–İsrail münasibətləri: Susulanlar və qınananlar

Aktual

28 Sentyabr 2025, 14:46

Azərbaycanın İsraillə münasibətləri hər dəfə beynəlxalq gündəmə çıxdıqca, xüsusilə də rəsmilər arasında görüşlər keçiriləndə, müsəlman dünyasından qınaq səsləri yüksəlir. Sosial mediada müxtəlif qruplar, bəzi dini-siyasi təşkilatlar Azərbaycanı İsraillə yaxınlıqda ittiham edirlər. Halbuki, eyni zamanda ərəb ölkələrinin – o cümlədən Fələstinin ənənəvi dəstəkçiləri sayılan dövlətlərin – İsraillə açıq münasibətləri, yüksək səviyyəli görüşləri, əməkdaşlıq sazişləri demək olar ki, heç bir etirazla qarşılanmır. Bu isə açıq şəkildə ikili standartlar məsələsini gündəmə gətirir.

 

Modern.az mövzu ilə bağlı araşdırma aparıb.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif geosiyasi balanslar arasında manevr etmək məcburiyyətində qalıb. İsraillə qurulan əlaqələr isə əsasən hərbi-texniki əməkdaşlıq, kənd təsərrüfatı və texnologiya sahəsində tərəfdaşlıq üzərində dayanır. Bu əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi və inkişafı baxımından praktiki əhəmiyyət daşıyır. Digər tərəfdən ərəb ölkələri illərlə İsraillə gizli və dolayı əlaqələr saxlasalar da, son onillikdə bunu açıq şəkildə rəsmiləşdiriblər. 2020-ci ildə imzalanan “Abraham Razılaşmaları” çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan İsraillə diplomatik münasibətlər qurdu, ardınca Səudiyyə Ərəbistanı da bu prosesi açıq şəkildə normallaşdırmağa başladı.

 

Azərbaycan niyə hədəfə alınır?

 

Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanın geosiyasi mövqeyi. O, müsəlman dünyasında mərkəzi oyunçu hesab olunmur və daha çox regional dövlət statusundadır, bu səbəbdən də tənqid üçün asan hədəfə çevrilir. Digər tərəfdən Qafqazın spesifikliyi var – Azərbaycanda əhalinin əksəriyyəti şiədir və məhz şiə dövlətinin İsraillə yaxın əməkdaşlıq qurması bəzi dairələrin diqqətini daha çox çəkir. Üstəlik, İran faktoru mövcuddur. Tehran özünü Fələstinin əsas müdafiəçisi kimi göstərir, Azərbaycanın İsraillə yaxınlığı isə İranın regional maraqlarına ziddir. Nəticədə İran mediası və onun təsirində olan qruplar Azərbaycan əleyhinə qınaq dalğasını gücləndirirlər. Əlavə olaraq, ərəb ölkələrinin İsraillə əlaqələri “sülh təşəbbüsü” kimi təqdim olunduğu halda, Azərbaycanın əməkdaşlığı “təhlükəsizlik” kontekstində izah edilir və bu, tez-tez təhrif olunaraq ictimaiyyətə çatdırılır.

 

Əslində, İsraillə açıq diplomatik münasibətlər quran ərəb dövlətləri daha böyük məsuliyyət daşıyırlar, çünki həm müsəlman dünyasında lider mövqeyindədirlər, həm də tarixi olaraq Fələstin məsələsində əsas söz sahibləri sayılırlar. Amma buna baxmayaraq, nə ictimaiyyət, nə də müsəlman təşkilatları onların addımlarına qarşı sərt reaksiya göstərmir. Bunun səbəbi onların maliyyə, enerji və siyasi güc baxımından dominant mövqedə olmaları, Qərblə sıx əlaqələri və hətta bəzi hallarda Fələstin rəhbərliyinin belə bunu “pragmatik yanaşma” kimi qəbul etməsidir.

 

Azərbaycan isə dəfələrlə bəyan edib ki, İsraillə münasibətlər Fələstin məsələsində Bakının mövqeyini dəyişmir. Azərbaycan Fələstin dövlətini tanıyır, BMT qətnamələrinə uyğun iki dövlətli həll modelini dəstəkləyir. Eyni zamanda, öz milli maraqlarını qorumaq və inkişafı təmin etmək üçün müxtəlif dövlətlərlə əməkdaşlıq etmək hüququna sahibdir. Bu isə beynəlxalq münasibətlərin əsas qaydasıdır – hər bir dövlət təhlükəsizliyi və inkişafı naminə seçim etməkdə müstəqildir.

 

Azərbaycanın İsraillə münasibətlərinə yönələn qınaqlar əslində geosiyasi oyunların və regional rəqabətlərin məhsuludur. Ərəb ölkələrinin İsraillə əməkdaşlığına göz yumulduğu halda, Azərbaycanın eyni addımlarına qarşı qaldırılan səs-küy ikili standartların ən aydın göstəricisidir. Ərəb ölkələri üçün İsraillə əməkdaşlıq “pragmatizm” kimi təqdim olunur, Azərbaycan üçün isə eyni əməkdaşlıq qınaq və ittiham obyektinə çevrilir. Bu yanaşma isə müsəlman dünyasında həmrəyliyin hansı səviyyədə olduğunu açıq şəkildə üzə çıxarır.

 

Bu ikili yanaşmanın bariz nümunələrindən biri də son günlər yaşanan hadisələrdir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayedin İsrail baş naziri Benyamin Netanyahu ilə açıq şəkildə görüşməsi, ictimaiyyət qarşısında şəkillərin paylaşılması heç bir ciddi etiraz doğurmur. Halbuki, eyni səviyyədə görüş Azərbaycan rəsmiləri ilə İsrail nümayəndələri arasında keçirilsəydi, sosial mediada böyük qınaq dalğası yaranardı.

 

Sosial şəbəkələrdə Türkiyəli ekspert prof. Hilmi Demirin də vurğuladığı kimi, “Siz heç BƏƏ-ni boykot edən gördünüzmü? Azərbaycan olsaydı, ortalıq yıxılardı”. Bu yanaşma əslində müsəlman dünyasında tətbiq olunan ikili standartların açıq göstəricisidir. Ərəb ölkələrinin İsraillə münasibətləri “normal” və “pragmatik addım” kimi təqdim olunur, Azərbaycan isə eyni əməkdaşlığa görə haqsız qınaq obyektinə çevrilir.


Sizə yeni x var
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur