Avropa Yayım Birliyi (EBU) və Gürcüstan Dövlət Yayımçısı (GPB) 23-cü “Junior Eurovision” (“Uşaq Avroviziya 2025”) mahnı müsabiqəsində iştirak edəcək 18 ölkəni təsdiqləyib. Müsabiqə bu il dekabrın 13-də Tbilisidə keçiriləcək.
Bu barədə Modern.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Gənc ifaçılar (9–14 yaş) Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadan qatılacaqlar. Monteneqro və Xorvatiya uzun müddətdən sonra geri dönür, Azərbaycan isə 2021-ci ildən sonra yarışa qayıdır.
GPB müsabiqə üçün səhnə dizaynını da təqdim edib. Səhnə Gürcüstan mədəniyyətindən ilhamlanaraq ənənəvi Doli çalğı aləti və dağ mənzərələri ilə gənc ifaçıların dinamizmini əks etdirir. “United by Music” sloqanı bu ilki vizual kimliyin əsasını təşkil edir.
“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsi Tbilisi Olimpiya Sarayında dekabrın 13-də saat 17:00-da canlı yayımlanacaq. Gürcüstan müsabiqənin ən uğurlu ölkəsi olub və indiyədək dörd dəfə qalib gəlib.