İrəvan və Bakı bir-birinə qarşı daha dözümlü münasibətin mümkünlüyünü müzakirə ediblər.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, Polşanın TVP World telekanalına müsahibəsində deyib ki, hətta sülh müqaviləsi imzalanmazdan əvvəl də tərəflər beynəlxalq platformalarda əməkdaşlıq qura bilərlər.
Mirzoyanın sözlərinə görə, rəsmi Bakı hələ də müqavilənin imzalanması üçün ilkin şərtlər qoyur, İrəvan isə onları bölüşmür.
“Lakin sənəd imzalanmazdan əvvəl də müxtəlif təşəbbüslərlə tərəflərin mövqelərini yaxınlaşdırmaq tamamilə mümkündür”.
Nazir əmindir ki, sülh müqaviləsi iki ölkəyə bir-birinin dəmir yollarına, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış imkanı verəcək. Bütün razılaşmalar qarşılıqlı olacaq.
“Məsələn, Ermənistan Naxçıvan ərazisindən ölkənin şimal və cənub rayonları arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə etmək niyyətindədir”, - deyə o əlavə edib.
Mirzoyan Rusiyanın mövqeyi ilə bağlı suala cavab olaraq bəyan edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Vaşinqton sənədlərini alqışlayır və kommunikasiyaların blokunun açılmasına hər cür şərait yaratmağa hazır olduğunu bildirib.
Lakin Mirzoyan şikayət edib ki, vaxtaşırı Rusiya dövlət mediasında, parlament üzvlərindən və ekspertlərdən tənqidlər eşidilir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizini Birləşmiş Ştatlara 99 il müddətinə icarəyə verəcək, bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqə yaratmağa ümid edir. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələcək sülh sazişinin mətnini paraflayıb və sonra dərc ediblər.