Modern.az

TDT regional deyil, qlobal səviyyədə siyasi əhəmiyyətə malik yeni güc mərkəzidir

TDT regional deyil, qlobal səviyyədə siyasi əhəmiyyətə malik yeni güc mərkəzidir

Aktual

7 Oktyabr 2025, 19:10

"Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir türk birliyinin strateji inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm tarixi mərhələ kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin bu Zirvə toplantısında səsləndirdiyi çıxış həm məzmun, həm də ideoloji yük baxımından Türk dünyasının gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının əsas konturlarını cızır. Bu çıxışda əks olunan fikirlər təkcə regional əməkdaşlığın deyil, həm də qlobal geosiyasi balansda Türk Dövlətləri Təşkilatının real güc mərkəzi kimi formalaşmasının ifadəsidir."

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, öz maraqlarını müdafiə etməyi və birgə qərar qəbul etməyi bacaran ciddi geosiyasi mərkəzə çevrilib:

"Bu fikrin özü təşkilatın ideoloji mahiyyətində baş verən dönüşün təzahürüdür. Türk dünyasının birliyini yalnız ortaq etnik və mədəni kimlik deyil, həm də güclənən siyasi iradə və iqtisadi maraqlar birləşdirir. Azərbaycan, öz növbəsində, həm tarixi, həm coğrafi, həm də siyasi mövqeyi baxımından bu birliyin mərkəzlərindən biri kimi çıxış edir.

Qəbələ Zirvəsində səslənən çıxışın mühüm hissəsini təhlükəsizlik və sülh məsələləri təşkil edir. Dövlət başçısı xatırladır ki, Naxçıvan bəyannaməsi Türk Dövlətləri Təşkilatının təməl sənədi olaraq sülhün və təhlükəsizliyin qorunmasını əsas məqsəd kimi müəyyənləşdirib. Müasir dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, regional münaqişələrin dərinləşdiyi bir vaxtda, türk dövlətlərinin vahid təhlükəsizlik konsepsiyasına malik olması həyati əhəmiyyət daşıyır. İlham Əliyevin 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifi, əslində, təşkilatın kollektiv müdafiə mexanizminə doğru atılmış mühüm addımdır. Bu təşəbbüs TDT-ni yalnız iqtisadi və mədəni birliyə deyil, həm də təhlükəsizlik arxitekturasına malik strateji bloka çevirə bilər."

 

 

Deputatın sözlərinə görə Azərbaycanın təcrübəsi göstərir ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil:

"2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində əldə olunan qələbələr bunun ən parlaq sübutudur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi milli iradənin və siyasi əzmin təntənəsi ilə bərpa olundu. Bu Zəfər, eyni zamanda, bölgədə ədalətin və sülhün bərqərar olmasına töhfə verdi. Prezidentin öz nitqində vurğuladığı “ədalətli sülh” anlayışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional nizamın əsas prinsipinə çevrilib.

Sülh gündəliyinin konkret nəticələrindən biri kimi Prezident İlham Əliyev öz çıxışında Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişini xatırlatdı. Bu sənədin imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olması üçün yeni siyasi mərhələ yaradır. Həmçinin ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların ləğvi regionun siyasi xəritəsində köhnə münaqişə mexanizmlərinin tamamilə aradan qalxması deməkdir. Bu, Azərbaycanın diplomatik səviyyədə əldə etdiyi növbəti strateji uğurdur və Prezident İlham Əliyevin “sülh yalnız ədalət üzərində qurulduqda dayanıqlı olur” prinsipini təsdiqləyir.

Prezidentin çıxışında nəqliyyat və kommunikasiya məsələlərinə verilən önəm Türk dünyasının iqtisadi inteqrasiyasının təməl dayağı kimi qiymətləndirilməlidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olaraq regionda körpü rolunu oynayır. Orta Dəhlizlə yükdaşımaların 2022-ci ildən bəri 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması və Ələt Beynəlxalq Ticarət Limanının gücünün ildə 25 milyon tona çatdırılması Azərbaycanın beynəlxalq nəqliyyat sistemində oynadığı mühüm rolu təsdiqləyir.

Bu kontekstdə Zəngəzur dəhlizinin açılması yalnız yeni nəqliyyat arteriyası deyil, həm də geosiyasi inteqrasiyanın strateji komponentidir. Bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin ayrılmaz hissəsinə çevriləcək və Türk dünyasının quru əlaqələrini Avropa bazarları ilə birləşdirəcək. Bununla Azərbaycan faktiki olaraq Türk Dövlətləri Təşkilatının iqtisadi coğrafiyasını Qafqaz vasitəsilə Avrasiya nəqliyyat sisteminə bağlayır."

Azər Kərimli vurğulayıb ki, enerji təhlükəsizliyi istiqamətində Azərbaycanın rolu da Prezidentin çıxışında xüsusi vurğulandı:

"Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında birinci yerdədir. Bununla yanaşı, ölkə bərpaolunan enerji sektoruna geniş sərmayələr yatırır. 2030-cu ilə qədər ümumi enerji istehsalının 40 faizinin günəş, külək və su mənbələri hesabına təmin olunması planı Azərbaycanın yaşıl keçid siyasətini Türk dünyası ilə inteqrasiya kontekstində təqdim edir. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizi layihəsi gələcəkdə Türk dövlətləri arasında yeni strateji əməkdaşlıq sahəsini formalaşdıracaq.

İqtisadi əlaqələrin dərinləşməsi istiqamətində Azərbaycan qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb. Bu investisiyaların əsas hissəsi Türkiyəyə yönəlib, eyni zamanda Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlar yaradılıb. Bu fondlar qarşılıqlı iqtisadi inteqrasiyanın maliyyə bazasını gücləndirir və Türk dünyasını vahid iqtisadi məkan kimi birləşdirir.

Prezident İlham Əliyevin çıxışında yer alan mühüm tarixi vurğu 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı idi. Bu təklif təkcə tarixi hadisənin xatırlanması deyil, həm də milli kimliyin, dilin və mədəniyyətin müasir dövlətçilik modelindəki yerinin təsdiqidir. Əslində, bu təşəbbüs Qəbələ Zirvəsini 1926 Bakı Qurultayının ideoloji varisi kimi təqdim edir və Türk dünyasının mədəni-siyasi inkişaf xəttində ardıcıllığı nümayiş etdirir.

Azərbaycan Prezidentinin çıxışının sonunda qeyd etdiyi kimi, Türk dövlətləri Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri real dəstəklə həmrəylik və qardaşlıq diplomatiyasının nümunəsini yaradıblar. 

Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal səviyyədə siyasi əhəmiyyətə malik yeni güc mərkəzidir. Prezident İlham Əliyevin çıxışı isə bu gücün həm ideoloji, həm də praktiki xəritəsini təqdim etdi. Müasir dünyada türk dövlətlərinin birliyi yalnız tarixi romantizm deyil, real geosiyasi zərurətə çevrilib. Bu birliyin əsasında suverenlik, təhlükəsizlik, iqtisadi inteqrasiya və milli dəyərlərin qorunması dayanır. Azərbaycan bu prosesin həm təcrübə, həm liderlik, həm də strateji iradə baxımından mərkəzindədir.

Türk dünyasının qarşısında yeni mərhələ açılıb. Bu mərhələ mədəni və dil birliyindən strateji və siyasi güc birliyinə keçid dövrüdür. Qəbələdə səslənən fikirlər göstərir ki, artıq Türk Dövlətləri Təşkilatı XXI əsrin çoxqütblü beynəlxalq sistemində öz yerini müəyyənləşdirib."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!