"Ağ Evin hazırkı rəhbəri Ukraynada atəşkəsi təmin edərsə, biz prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyik".
Modern.az xəbər verir ki, bunu oktyabrın 9-da jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdən qorxur, çünki onun üçün atəşkəsdən müharibəyə qayıtmaq çətindir.
"Geniş miqyaslı müharibədən atəşkəsə keçmək, sonra yenidən irimiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyət baxımından çətindir, sülh baxımından çətindir. Və hələ də əlini sıxan ölkələrə münasibətdə bu, əlbəttə ki, asan deyil", - Zelenski bildirib.
Onun sözlərinə görə, amerikalılar üçün Rusiya prezidentini real danışıqlar aparmağa məcbur etməyin bu qədər çətin olmasının səbəbləri bunlardır və buna görə də Putin hələlik müharibəni seçir.
Zelenski vurğulayıb ki, Rusiyaya təzyiqlər artarsa, müharibə bitə bilər.
Donald Tramp müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə açıq şəkildə bəyan edib.
Avqust ayında Ağ Ev ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərərək onu “sülhün prezidenti” adlandırıb.
Xatırladaq ki, bu mötəbər mükafata Ermənistan və Azərbaycan da Ağ Ev rəhbərinin namizədliyini irəli sürüb.