ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin oğurlandığı iddia edilən ukraynalı uşaqlarla bağlı məktubuna cavab verdiyini bildirib.
“Avqustda prezident Putin mənim məktubumu aldıqdan sonra çox şey baş verib. O, məktuba yazılı cavab verdi, mənimlə birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirdi və Rusiyada olan ukraynalı uşaqlarla bağlı ətraflı məlumat verdi. O vaxtdan prezident Putinlə mənim aramda ünsiyyət kanalı açılıb”, - Melaniya deyib
Modern.az-ın məlumatına görə, ABŞ-ın birinci xanımı həmçinin Ukraynada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Melaniya Tramp deyib ki, onun nümayəndəsi birbaşa Rusiya prezidentinin komandası ilə işləyir.
“Mənim nümayəndəm uşaqların ailələri ilə təhlükəsiz birləşməsini təmin etmək üçün birbaşa prezident Putinin komandası ilə çalışır”.
Daha əvvəl bildirilmişdi ki, Melaniya Tramp Putinə ünvanladığı məktubda Rusiya liderindən sülhü bərqərar etməklə uşaqları müharibədən qorumağı xahiş edib. Xanım Melaniyanın mesajını ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdə Rusiya liderinə çatdırıb.
Tramp Putinin Melaniyanın məktubuna reaksiyasından danışarkən bildirib ki, Rusiya lideri ABŞ-ın birinci xanımından məktubu çox yaxşı qəbul edib.
Avqust ayında Tramp Melaniyanın məktubunun mətnini dərc edib. Melaniya məktub vasitəsilə Putini uşaqları qorumağa çağırıb. Onun sözlərinə görə, indi bunun vaxtıdır.
Sentyabrın 24-də Melaniya Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb. Prezidentlərin həyat yoldaşları ümumi dəyərləri və uşaqların müdafiəsini müzakirə ediblər.
Zelenskaya həmçinin Donald Trampın Alyaskada Vladimir Putinə verdiyi məktuba görə Melaniyaya təşəkkür edib.