NASA-nın peyk müşahidələrinə əsasən, Yer son 24 ildə Günəş işığını daha az əks etdirməyə başlayıb. Bu “qaralma” tendensiyası xüsusilə Şimal yarımkürəsində nəzərə çarpır və iqlim dəyişikliyinin ciddi əlaməti hesab olunur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma “Buludlar və Yerin Radiant Enerji Sistemi” (CERES) layihəsi çərçivəsində aparılıb.
Alimlər qeyd edir ki, Yerə düşən və əks olunan enerjilər arasındakı balans – radiasiya büdcəsi – dəyişməkdədir. Bu balansın pozulması planetin daha çox istilik toplaması deməkdir.
Mütəxəssislərə görə, qar və buzların əriməsi, aerozol miqdarının azalması və buludların strukturundakı dəyişikliklər bu prosesə təsir edən əsas amillərdir.
Xüsusilə Şimal yarımkürəsində hava çirklənməsinin azalması və daha az əks etdirici buludların yaranması Yerin daha çox istilik udmasına səbəb olub. Cənub yarımkürəsində isə meşə yanğınları və vulkan püskürmələri ilə aerozol səviyyəsi artaraq əksinə, işıq əksini bir qədər artırıb.
Alimlər xəbərdarlıq edirlər ki, bu dəyişikliklər iqlim modellərinə yenidən baxılmasını tələb edir. Əgər bu tendensiya davam etsə, Yer daha çox istilik toplayacaq və iqlim dəyişikliyi daha sürətlə baş verəcək.