Dünyanın diqqəti Misirə - Şarm əl-Şeyxdə keçirilən və Qəzzada barış, bərpa və gələcək quruculuğu mövzusuna həsr olunan sammitə yönəlib. Yaxın Şərq Barış Sammitində Azərbaycan da var. Sammitin açılışına, gedişinə baxanda gözümün önünə Sürixdə Türkiyə - Ermənistan prtokollarının imzalanması mərasimi gəldi… Şarm əl-Şeyxdən 16 il öncə (10.10.2009), adı üstündə — Sürixdə Ermənistan və Türkiyə tərəfindən imzalanan ikitərəfli sazişləri deyirəm. Sazişlər iki ölkə arasında münasibətlərin normallaşdırılması sürəcinin başlanmasını nəzərdə tuturdu. Sənədlər o zamankı ATƏT-in Minsk qrupu həmsədrləri ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmışdı. Həmsədrlər guya Ermənistanla Azərbaycanı barışdırmağı bacarmışdı, qalmışdı Ermənistanla Türkiyə…
O vaxt ABŞ Dövlət katibi Hillari Klinton, Avropa Birliyinin Xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın Xarici işlər naziri Bernard Kuşner və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun ayaqüstündə müşahidə etdiyi imzalanmada Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan qələm əllərində, sənədlər önlərində əyləşmişdi… O vaxtkı görəvində qalan yalnız Lavrovdur və o, Şarm əl-Şeyxdə yoxuydu…
Bəs niyə Sürixi xatırladım? — Baxmayaraq ki, o protokollar sonucsuz qaldı amma tarix Türkiyənin, Azərbaycanın və bütün maraqlı tərəflərin o vaxtkı durumunu öz səhifəsində yazıb, unutmayıb, əlbəttə. Və bizi o illərdə kədərləndirən, bu illərdə isə qürurlandıran amillər vardır. O vaxt nə Türkiyə, nə Azərbaycan indiki kimi güclü deyildi. Bizim qardaş ölkə Davudoğlunun timsalında o masada təklənmişdi elə bil… Üstəlik, Sürix Azərbaycanın maraqlarına cavab vermirdi. İndi isə budur, Azərbaycan da, Türkiyə də gücləniblər — gücümüz başqaları tərəfindən güclü şəkildə etiraf olunur və biz yaxın-uzaq bölgələrdə barış masalarının qurulmasında iştirak edirik, ədalətin bərpasına töhfə veririk. Biz öz ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi özümüz həll etməyi bacarmışıq və qalib ölkə kimi əda, eqo nümayiş etdirmirik; bizim yaratdığımız yeni gerçəkliklər bütün bölgə üçün, yaxın-uzaq coğrafiyalar üçün xeyir, uğur vəd edir. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması sürəci də məhz bizim tarixi Zəfərimizdən sonra başlanıb.
Ayrıca, ATƏT-in Minsk qrupu da tarixin arxivinə göndərllib…
Bizim gündəliyimiz — barışdır yaxud barış — bizim gündəliyimizdir. Dəmir Yumruğun kəramət mexanizmi işləkdir, yeni meyvələr və ümidlər verir…
İndi nə Türkiyə təkdir, nə də Azərbaycan! Azərbaycan və Türkiyə birgə — güc masalarının mərkəzindədir.
Prezident İlham Əliyev Şarm əl-Şeyxdəki sammitdə iştirak etməklə həm də Azərbaycanın dünyadakı mövqeyini, gücünü ortaya qoydu. Və əlbəttə, bu işlər birdən-birə, təsadüfən olmur.
Sürixi, 16 il öncəni xayırladıq, indi yaxın ayları, ayrı şəhərləri xatırlayaq:
-Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVll Zirvə Görüşü,
-Qəbələdə Xll Türk Zirvəsi — bizim üçün diplomatik uğurun simvolu idi;
-Danimarkada — Kopenhagendə — Avropa Siyasi Birliyində adımız-sanımız, bayrağımız vardı;
-Prezidentin Nyu-Yorkda — BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxış, BMT-də keçirilən ikitərəfli görüşlər diplomatik uğurlar sırasındadı;
-Vaşinqtonda — Ağ Evdə, Oval Otaqdakı tarixi görüş, imzalar onu ifadə edir ki, artıq Azərbaycanın adının böyük səhnələrdə səsləndirilməsinə öyrəncəliyik. Hələ, Prezidentin Çinə, Tacikistana səfərləri və bir sıra dövlət, hökumət, parlament başçılarının ölkəmizə uğurlu səfərlərini demirəm… 20% torpağını azad edən dövlət indi bütün dünyada hər yaxşı hadisə 100% olsun istəyir, bununçün çalışır.
Barış gündəliyi olan dövlətimizin başçısı Misirdə barış adına toplaşan dövlət, hökumət başçıları və digər mötəbər şəxslər içində şəxsiyyətinə bəslənən böyük sayğıduyarlıqla xüsusi seçilirdi. Dövlət başçısına, dövlətə bəslənən yüksək münasibət vətəndaşın başını ala buludlara dəyəcək qədər ucaldır. Bəli, Azərbaycan qlobal problemlərin həllində öz ləyaqəti, ədaləti, gələnəkləri, mədəniyyəti və təcrübəsiylə uğurla iştirak edir.
Yəni, bu səfər dövlət missiyasının uluslararası böyük ekranda təqdimidir və yalnız diplomatik səfər kimi yorumlanmamalıdır. Qafillərin heyrətinə, skeptiklərin susqunluğuna qarşı bir dərsdir bu.
Sammitin gedişində, sammitsonrası atılan hər addım, imzalanan hər sənəd yalnız İslam dünyası və Yaxın Şərq üçün deyil, Azərbaycanın qlobal dövlət siyasəti üçün də önəmlidir.
Şarm əl-Şeyx tarixin dönmə nöqtəsi ola bilər.
Uzun sözün qısası, bu gün diplomatiyamızın ulduzu parlayır — o, səssiz qalan deyil, meydanda dayanan, söz söyləyən, imza atan lider mövqeyindədir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI