Modern.az

Azərbaycanla Macarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edildi

Azərbaycanla Macarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edildi

Aktual

15 Oktyabr 2025, 17:10

Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Macarıstan nümayəndə heyətinə isə xarici işlər və ticarət nazirinin müavini Boqlarka İlles rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə, cari il mayın 21-də Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə Görüşündə aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı