Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib.
"Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm", - Prezident vurğulayıb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı xatırladıb ki, Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələ sammitində irəli sürdüyü təkliflərdən biri də birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması ilə bağlı olub:
"Qeyd edim ki, Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı, xarici qonaqlar, ümumilikdə isə 100-dən artıq alim, dilçi, tarixçi, şair, yazıçı və digər görkəmli müttəfəkkirlər iştirak edib. Bu qurultay türk dünyasının rəmzlərindən, dəyərlərindən biridir və tarixdə çox mühüm yeri var. Qeyd etmək lazımdır ki, Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu məsələlər yalnız XX əsrdə deyil, müasir dövrdə də türkoloji elmin və türk xalqlarının mədəni inteqrasiyasının aktual problemləri kimi qiymətləndirilir. Qurultay tərəfindən irəli sürülən ideyalar, ortaq yazı və dil prinsiplərinin yaradılması, elmi terminologiyanın sistemləşdirilməsi və türk xalqlarının ədəbi dilinin inkişafına dair tövsiyələr, bugünkü dövrdə də strateji və elmi əhəmiyyətini saxlayır və Türk Dövlətləri Təşkilatı Qurultayın 100 illiyində bu məsələləri yenidən gündəliyə gətirə bilər".
Deputat sonda qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi üçün cənab Prezident tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi tarixin unudulmaması, yadda saxlanılması, türk dövlətləri arasında birliyin, həmrəyliyin gücləndiriməsi baxımından olduqca vacib və önəmli məsələdir.