Təhsil Tələbə Krediti Fondunun əməkdaşları – baş mütəxəssis Mirşahin Abdullayev və aparıcı mühasib Kənan Əliyev Gəncə Dövlət Univeristetinin tələbələri ilə görüş keçirib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, AHİK-in sədri Afaq Qasımova və Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krefiti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva iştirak ediblər. Prorektor Gülsüm Fətəliyeva Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi layihələrin gənclər üçün əhəmiyyətindən bəhs edib.
Fondun baş mütəxəssisi Mirşahin Abdullayev çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. M.Abdullayev onu da qeyd edib ki, bu imkan tələbələrin motivasiyasını artıracaq və təhsilin keyfiyyətinə də təsir göstərəcəkdir.
Təhsil Tələbə Krediti Fondunun aparıcı mühasibi Kənan Əliyev bildirib ki, Universitet üzrə Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən Gəncə Dövlət Universitetinin tələbələri fəal iştirak ediblər və kreditdən yararlanma səviyyəsinə görə qabaqcıl sıralardadırlar.