Modern.az

Zəngilan strateji əhəmiyyətli nəqliyyat mərkəzinə çevrilir

Zəngilan strateji əhəmiyyətli nəqliyyat mərkəzinə çevrilir

Aktual

18 Oktyabr 2025, 09:45

"Zəngilan Azərbaycanın qədim, strateji və mədəni baxımdan mühüm bölgələrindən biridir. Qafqazın Rusiya tərəfindən işğalından sonra XIX əsrin əvvəllərində aparılan inzibati bölgü nəticəsində Zəngilan da daxil olmaqla Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdi. Bu bölgü bölgənin tarixində yeni mərhələ açdı və Zəngilan, Qubadlı, Laçın kimi türk torpaqları inzibati şəkildə bölünərək süni sərhədlərlə ayrıldı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik Rusiyasının dəstəyi ilə ermənilər qədim Zəngəzur torpaqlarının böyük hissəsini ələ keçirdilər. Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistana birləşdirildi, yalnız Laçın, Qubadlı və Zəngilan əraziləri Azərbaycanın tərkibində qaldı. Bununla da Azərbaycan torpaqları arasında coğrafi kəsilmə baş verdi və Naxçıvanla birbaşa əlaqə xətləri pozuldu."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, Zəngilan təbii sərvətləri, münbit torpaqları, çayları və qədim tarixi ilə seçilən yurd yerimizdir:

"Zəngilan rayonunun ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar axır. Bəsitçay dövlət təbiət qoruğu kimi də tanınır. Rayon ərazisində tikinti daşı, qızıl, mərmər, əhəng kimi faydalı qazıntılar mövcuddur. Tarix boyu burada mühüm yaşayış məntəqələri, dini və mədəni abidələr formalaşmış, Zəngilan Azərbaycanın qədim memarlıq ənənələrinin daşıyıcısına çevrilmişdir. Məmmədbəyli türbəsi, Şərifan abidələri, Qız qalası, müxtəlif əsrlərə aid məscid və pir kompleksləri bu bölgənin çoxəsrlik mədəni irsinin sübutudur.

1993-cü ilin payızında Zəngilan əhalisi torpağını və şərəfini qorumaq üçün böyük qəhrəmanlıq göstərdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində mübarizə apardılar. 25–29 oktyabr 1993-cü ildə rayon düşmənin əlində qalsa da, əhali son ana qədər vuruşdu. Zəngilanın işğalı nəticəsində on minlərlə sakin öz yurd-yuvasından didərgin düşdü və Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən törədilən vandalizm aktları nəticəsində rayonun bütün dini, tarixi və mədəni abidələri məhv edildi, məscidlər təhqir olundu, türbələr dağıdıldı, qədim yaşayış yerləri yerlə-yeksan edildi."

Millət vəkili qeyd edib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi bu ədalətsizliyin sonunu gətirdi:

"Azərbaycan Ordusu qəhrəmanlıqla irəliləyərək 20 oktyabr 2020-ci ildə Zəngilan şəhərini və rayonun 4 qəsəbəsini, 49 kəndini işğaldan azad etdi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində bu tarixi xəbəri elan etdi. Bununla da 27 il əvvəl kəsilən Azərbaycan-İran sərhədi tam bərpa olundu, 132 kilometrlik dövlət sərhədi üzərində suverenlik bərpa edildi. Bu zəfər münasibətilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və minlərlə hərbi qulluqçu qəhrəmanlıq medalı ilə təltif olundu. 31 iyul 2023-cü il tarixli Prezident Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur. Bu tarix həm qələbənin, həm də yenidənqurmanın simvoluna çevrilib."

Deputatın sözlərinə görə Zəfərdən sonra Zəngilan yeni bir dövrə qədəm qoydu:

"Dirçəliş, yenidən doğuluş dövrünə. “Böyük Qayıdış” proqramının ilk mərhələsi məhz burada, Ağalı kəndində həyata keçirildi. 200 evdən ibarət “Ağıllı kənd” layihəsi Azərbaycanın innovativ bərpa modelinə çevrildi. Burada hər şey düşünülüb: ekoloji təmiz enerji, müasir infrastruktur, sürətli internet, məktəb, bağça, tibb məntəqəsi və iş yerləri. Ağalı bu gün təkcə bir kənd deyil, gələcəyin simvoludur. Burada yaşıl texnologiyalar, günəş panelləri, su elektrik stansiyaları, bioloji təmizlənmə sistemləri, yəni tam dayanıqlı həyat modeli qurulub.

Zəngilan bu gün həm də strateji əhəmiyyətli nəqliyyat mərkəzinə çevrilir. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı regionun logistika sistemində mühüm yer tutur. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu Qarabağı Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə bağlayır və Zəngəzur dəhlizinin hava və quru əlaqələrini gücləndirir.

Mədəni və dini irsin bərpası da unudulmayıb. İşğal dövründə təhqir olunmuş Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən tam bərpa edilib. İki minarəli yeni məscid həm memarlıq zövqü, həm də mənəvi dərinliyi ilə diqqət çəkir. Məscidin açılışı zamanı ibadət səsi uzun illərdən sonra yenidən Zəngilan səmasına ucaldı – bu səs azadlığın, inancın və davamlılığın simvoluna çevrildi.

Rayonda yeni turizm və kənd təsərrüfatı layihələri də həyata keçirilir. “Ağalı” hoteli, Həkəri çayının sahilindəki süni göl, eləcə də “Dost Aqropark” kompleksi bölgənin iqtisadi həyatına yeni nəfəs gətirir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu aqroparkda minlərlə iş yeri yaradılacaq, 6 min hektar sahədə bitkiçilik və heyvandarlıq inkişaf etdiriləcək. Bu, həm iqtisadi, həm də sosial baxımdan bölgənin canlanmasına xidmət edir.

Prezident İlham Əliyev Zəngilana dəfələrlə səfər edərək bərpa və quruculuq işlərini şəxsən izləyib. Hər səfər bir təməlqoyma, bir açılış, bir yeniliyin başlanğıcı olub. Məktəblər, yaşayış kompleksləri, körpülər, enerji stansiyaları, yollar göz oxşayır və bütün bunlrın hər biri Azərbaycanın iradəsini və əzmkar ruhunu əks etdirir.

Zəngilan bu gün dirçəlişin, iradənin və müasir inkişafın simvoluna çevrilib. Burada atılan hər addım, salınan hər bina, yandırılan hər çıraq bir həqiqəti sübut edir: Azərbaycan xalqı nə torpağını, nə də tarixini unudur. 20 oktyabr artıq təkcə Zəngilanın deyil, bütün Azərbaycanın qürur günüdür."

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ