Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Modern.az xəbər verir ki, bu çərçivədə Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri həyata keçirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrini birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.
Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.