Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının təqdim etdiyi layihə Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas Qrant Müsabiqəsi-2025”-in qalibləri sırasında yer alıb.
Modern.az xəbər verir ki, layihənin rəhbəri kafedranın müdiri, k.e.d. Rəvan Rəhimov, icraçısı baş müəllim b.ü.f.d. Elşad Yunusovdur. Tədqiqat “Su hövzələri səthindən neft və neft məhsullarının yığılması üçün ion-maye səthi-aktiv maddələrin sintezi və istehsal texnologiyası” mövzusuna həsr olunub.
Neft sızıntıları və su hövzələrinin çirklənməsi kimi qlobal ekoloji problemlərin həllinə yönələn layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verir. Xüsusilə DİM 6 (Təmiz su və sanitariya), DİM 9 (Sənaye, innovasiyalar və infrastruktur), DİM12 (Məsuliyyətli istehsal və istehlak) və DİM 14 (Su altında həyat) istiqamətləri üzrə həm elmi, həm də ekoloji əhəmiyyət daşıyır.
Tədqiqat çərçivəsində ekoloji cəhətdən təhlükəsiz, çoxfunksiyalı, ion-maye təbiətli səthi-aktiv reagentlərin sintezi, onların fiziki-kimyəvi, antikorrozion, neftyığıcı, neftsıxışdırıcı və bakterisid xassələrinin öyrənilməsi nəzərdə tutulur. İon mayelər kimya sənayesində və elmi tədqiqatlarda “yaşıl kimya” konsepsiyasına uyğun olaraq getdikcə daha geniş tətbiq edilir. Onların aşağı uçuculuğu, yüksək istilik və kimyəvi dayanıqlığı, korroziyaya qarşı passivliyi və ekoloji zərərsizliyi bu birləşmələri ən perspektivli materiallardan birinə çevirir.
Müasir neft hasilatı, daşınması zamanı baş verən qəzalar nəticəsində dəniz və göllərdə yaranan neft çirklənmələrinin qarşısının alınması bu layihənin əsas hədəflərindən biridir. Yeni nəsil ion-maye səthi-aktiv maddələrin işlənməsi su hövzələrinin mühafizəsində, habelə neft hasilatında səmərəliliyin artırılmasında mühüm rol oynayacaq.
Tədqiqat, həmçinin Azərbaycanda yaşıl texnologiyaların inkişafına, ekoloji təmiz reagentlərin sənaye miqyasında tətbiqinə yeni imkanlar açmaqla yanaşı, ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə tanınmasına da mühüm töhfə verəcək.