Orta Dəhliz alternativ deyil, Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxşında deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin Orta Dəhlizə böyük marağı müşahidə edilir.
“Vaxtilə Qərb ölkələri Orta Dəhlizi rəqib marşrut kimi dəyərləndirirdilər. Lakin son illərdə həmin ölkələrin dəhlizə maraqlarının artdığını görürük”, - nazir söyləyib.
R.Nəbiyev qeyd edib ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öhdəliklərinə sadiqdir:
“Azərbaycanda dəmir yolu infrastrukturu tam yenilənib, minlərlə kilometr dəmir yolları çəkilib. Doqquz beynəlxalq hava limanından üçü bu yaxınlarda azad olunmuş ərazilərdə inşa olunub. Azərbaycan həmçinin Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təqribən 1 milyard ABŞ dolları həcmində investsiya yatırıb”.
Nazir Zəngəzur dəhlizinə də toxunaraq dəhlizin inkişafı üçün böyük perspektivin olduğunu vurğulayıb.